Lavrov: Putin Alyaskada ABŞ-nin Ukrayna təklifini qəbul etmişdi

Foto: Вячеслав Прокофьев / Пресс-служба Президента РФ / ТАСС, CC BY 4.0, Wikimedia Commons
16-11-2026 20:44

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iddia edir ki, Vladimir Putin Alyaskanın Ankoric şəhərində Donald Trampla görüşdə ABŞ-nin Ukraynadakı müharibənin dayandırılması ilə bağlı təklifini qəbul edib. Lavrov bunu Rusiyanın dövlət agentliyi TASS-a və dövlət teleradio şirkəti VGTRK-ya müsahibəsində deyib.

Lavrovun sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff təşəbbüsü əvvəlcə Moskvada təqdim edib. Ankoricdə danışıqlar masasına prezidentlərlə yanaşı Lavrov, Putinin köməkçisi Yuri Uşakov, ABŞ-nin dövlət katibi Marko Rubio və Uitkoff əyləşib. Nazir deyir ki, Putin təklifi bənd-bənd oxuyub və hər bəndin düzgün ifadə olunub-olunmadığını Uitkoffdan soruşub.

“Putin bütün bəndləri oxuduqdan sonra bəzi elementlərin kompromis xarakteri daşıdığını, amma davamlı razılaşmaların kompromisə əsaslandığı üçün Amerika təklifini qəbul etdiyimizi bildirdi”, - Lavrov deyib. Sonradan bunun razılaşma sayılıb-sayılmaması barədə mübahisəyə də münasibət bildirən nazir əlavə edib: “Sən nəsə təklif etmisənsə, mən də qəbul etmişəmsə, Rusiyada bu, razılaşmaq deməkdir”.

Lavrov eyni zamanda Moskva ilə Vaşinqton arasında hələ çox fikir ayrılığı qaldığını deyib. Onun sözlərinə görə, Tramp administrasiyası “Lukoyl” və “Rosneft” şirkətlərinə yeni sanksiyalar tətbiq edib və Co Bayden dövründə qoyulan məhdudiyyətləri uzadır.

Nazir müsahibədə Avropanı da tənqid edib. O, 2014-cü ildə Viktor Yanukoviçlə müxalifət arasındakı razılaşmanı, Minsk razılaşmalarını və 2022-ci ilin aprelində ilkin paraflanan sənədi xatırladaraq iddia edib ki, Avropa vasitəçi olmaq imkanlarını əldən verib. Lavrov 2022-ci ildə həmin sənədin imzalanmasına Britaniyanın o vaxtkı Baş naziri Boris Consonun mane olduğunu da iddia edib.

Lavrovun açıqlaması Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların davam etdiyi vaxta düşür. Putinin köməkçisi Yuri Uşakov bu gün bildirib ki, Avropa nümayəndələrinin danışıqlara qoşulması Moskva ilə razılaşdırılmayıb və ən azı daha bir raund üçtərəfli formatda keçəcək. Ukrayna tərəfi Lavrovun sözlərinə hələlik münasibət bildirməyib.

Digər xəbərlər