Kreml Trampla razılaşıb: Rusiya Ukraynada “daha sərt” davrana bilər
Foto: The Presidential Press and Information Office, CC BY 4.0, Wikimedia CommonsKreml sözçüsü Dmitri Peskov noyabrın 16-da ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynada bütün gücü ilə hərəkət etmədiyi barədə sözlərinə münasibət bildirib. “Prezident Trampla razılaşmaq olar, çünki daha sərt olmağa yer var”, - Peskov jurnalistlərə deyib. Rusiyanın necə davrana biləcəyi soruşulanda isə “Bunu hərbçilərdən soruşun”, - deyə cavab verib.
Tramp həmin gün Vaşinqtonda Vladimir Putini Ukrayna məsələsində mövqeyini yumşaltmağa necə inandırmaq barədə sualı cavablandırarkən demişdi ki, Rusiya lideri qarşıdurmadan bir qədər uzaqlaşıb və “daha sərt, hətta xeyli sərt” davrana bilərdi. Trampın sözlərinə görə, Putin müharibənin bitməsini istəyir.
Elə həmin gün Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakovla telefonla danışıblar. Kuşner “X” sosial şəbəkəsində yazıb ki, söhbətdə sülh prosesində əldə olunan irəliləyiş və növbəti addımlar, eləcə də Avropa ilə Rusiya arasında son dörd ildə demək olar ki, olmayan birbaşa təmasın necə qurulacağı müzakirə olunub. Onun sözlərinə görə, ABŞ tərəfi Ukrayna ilə, Almaniya, Fransa, Britaniya, Polşa və İtaliyanın milli təhlükəsizlik müşavirləri, Avropa İttifaqı və NATO nümayəndələri ilə də danışıb.
Kuşner növbəti çoxtərəfli görüşün gündəliyinin hazırlanmasına başlandığını və görüşü yaxın vaxtda keçirmək istədiklərini yazıb. O, NATO-nun Avropa təhlükəsizliyinin “həlledici elementi” olaraq qalacağını da vurğulayıb. Bundan əvvəl Uşakov avropalıların danışıqlara qoşulmasının Moskva ilə razılaşdırılmadığını demişdi.
Peskov Putinlə Trampın noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ikitərəfli görüşünün vaxtının hələ bəlli olmadığını da deyib. Onun sözlərinə görə, Moskva bir saat və ya daha uzun sürəcək ayrıca görüşə üstünlük verir, amma sammitin kənarında qısa söhbət variantı da mümkündür. Hər iki lider həmin gün Çin lideri Si Cinpinlə üçtərəfli görüş keçirəcək.
Bu açıqlamalar Ukrayna rəsmilərinin Rusiyanın noyabrın 2-də Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə endirdiyi aviazərbə nəticəsində ölənlərin sayının 72-yə çatdığını açıqladığı gün səslənib.


