Moskvada saxlanılan yeniyetmələrin valideynləri polis şöbəsi önünə toplaşıb: “Sizi biz saxlayırıq!”
İllüstrativ foto: Retired electrician, CC0, Wikimedia CommonsRusiyanın Ukraynada müharibəni davam etdirdiyi vaxtda Moskvanın mərkəzində, Kitay-qorodda noyabrın 7-də axşam keçirilən reyddən sonra saxlanılan yeniyetmələrin valideynləri gecə “Taqanski” polis şöbəsinin önünə toplaşıb.
“Meduza” nəşri yazır ki, valideynlər içəri buraxılmayıb, polis əməkdaşları onları şöbənin qapısında saxlayıb. “Sizi biz saxlayırıq! Müftəxorlar!” - toplaşanlar deyib. Halbuki yetkinlik yaşına çatmayanları təhvil almaq üçün valideynləri şöbəyə polisin özü çağırıb.
Nəşrə görə, ən çox yayılan hesablamalarda saxlanılanların sayı 150-200 kimi göstərilir, 300 nəfərin saxlanıldığı barədə məlumat da var. Şahidlərin sözlərinə görə, axşam saat 20:00 radələrində “Qorka” parkına on polis avtobusu gəlib və polis gəncləri “ayrı-seçkisiz” aparıb. Saxlanılanlar avtobuslarda onlara su içməyə və tualetə getməyə imkan verilmədiyini deyirlər. Bir nəfərin elektron siqaret çəkdiyi üçün döyüldüyü, başqa bir gəncin isə valideynlərinin sözlərinə görə, qarnına bir neçə zərbə endirildiyi bildirilir.
“İdite lesom” layihəsinə iki nəfər müraciət edib: onlara noyabrın 9-una “hərbi uçot sənədlərinin dəqiqləşdirilməsi” üçün çağırış vərəqəsi verilib. Onlardan birinin səhhətində problem var, amma əlində bunu göstərən sənəd yoxdur, digərinin isə aspiranturaya görə möhləti var. Bəzi saxlanılanlara Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq israrla təklif olunduğu deyilir. Azı 17 nəfər barəsində spirtli içki içməyə görə protokol tərtib edilib, bəzilərinə polisə tabe olmamağa görə cərimə yazılıb.
Rusiya Daxili İşlər Nazirliyi reydi “profilaktik tədbir” adlandırıb. Saxlanılanlardan birinin anası videoda deyib ki, polis şöbəsində ona uşaqların, xüsusən də həftəsonu Moskvanın mərkəzində olmamalı olduğu, bunun “ölkədəki vəziyyətlə” bağlı olduğu bildirilib.
“Təhlükəsiz İnternet Liqası”nın rəhbəri Yekaterina Mizulina Telegramda yazıb ki, yetkinlik yaşına çatmayanların valideynlərinin içəri niyə buraxılmadığını anlamır. “Post-” nəşrinin hesablamasına görə, ilin əvvəlindən Kitay-qorodda gənclərə qarşı altı böyük reyd keçirilib.


