Ukrayna: Rusiyanın Kamışevaxaya zərbəsi nəticəsində ölənlərin sayı 72-yə çatıb
Arxiv foto: Kamışevaxa qəsəbəsi Rusiyanın əvvəlki bombardmanlarından sonra. Вадим Балачук, CC0, Wikimedia CommonsUkraynanın Zaporojye vilayətindəki Kamışevaxa qəsəbəsinə noyabrın 2-də endirilən Rusiya aviazərbəsindən sonra dağıntılar altında axtarış işləri başa çatıb. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Mixail Semikin, vilayət prokurorluğu və Ukraynanın daxili işlər naziri İvan Vıqovski noyabrın 16-da bildiriblər ki, zərbə nəticəsində 72 nəfər ölüb, daha dörd nəfər itkin hesab olunur.
Vıqovskinin sözlərinə görə, ölənlər arasında xilasedicilər, polislər, qəsəbədəki gimnaziyanın və inzibati xidmətlər mərkəzinin əməkdaşları, kommunal və tibb işçiləri var. Nazir onlardan birinin, qəsəbədən köçmüş uşaqlara onlayn dərs keçmək üçün hər gün sığınacağa gələn müəllim olduğunu yazıb.
Semikin deyir ki, Rusiya qəsəbənin mərkəzindəki humanitar yardım məntəqəsini idarə olunan aviabombalarla vurub; zərbə anında insanlar ora yardım almağa gəlibmiş.
Ukrayna rəsmilərinin məlumatına görə, axtarış iki həftə çəkib, dağıntıları təmizləmək üçün mühəndis texnikası və itlər cəlb olunub, meyitlərin kimliyini müəyyən etmək üçün onlarla DNT analizi aparılıb. Vıqovski iddia edir ki, bu müddətdə Rusiya qəsəbəni 11 dəfə atəşə tutub, zərbələrdən doqquzu birbaşa axtarış aparılan yerə yönəlib; nəticədə üç polis və dörd xilasedici yaralanıb, texnika zədələnib.
Ölənlərin sayı axtarış davam etdikcə artıb: zərbədən sonrakı ilk günlərdə 30-dan çox, noyabrın 8-də isə 55 ölü açıqlanmışdı.
Ölənlərin son sayı Kreml sözçüsü Dmitri Peskovun Donald Trampın “Rusiya Ukraynada daha sərt davrana bilərdi” sözləri ilə razılaşdığı gün açıqlanıb. Peskov jurnalistlərə “daha sərt olmağa yer var” deyib.


