Rusiya Kiyevdə Dnepr üzərindəki iki əsas körpünü vurub, şəhərin bir hissəsi susuz və işıqsız qalıb
Kiyevdəki Şimal körpüsü, arxiv. Foto: Фазель Налгієв, CC BY-SA 4.0, Wikimedia CommonsRusiya qoşunları bazar ertəsi gecəyə yaxın Kiyevdə Dnepr çayı üzərindəki iki böyük körpünü və digər kritik infrastruktur obyektlərini vurub. Kiyev meri Vitali Kliçko “Telegram”da yazıb ki, ilkin məlumata görə, paytaxtın Şimal və Cənub körpülərinə zərbələr dəyib. Bir qədər sonra mer şəhərin bəzi hissələrində su və elektrik təchizatının kəsildiyini bildirib.
Rusiya bu ay və oktyabrda da Dnepr üzərindəki körpülərə dəfələrlə zərbə endirib. Noyabrın 15-də Şimal körpüsü raket zərbəsindən sonra bağlanmışdı. Yerli rəsmilərin məlumatına görə, eyni gecə Çerkası vilayətində raket zərbəsi nəticəsində üç nəfər yaralanıb, Ukraynanın ikinci böyük şəhəri Xarkov da hədəfə alınıb.
Prezident Volodimir Zelenski bazar ertəsi gündüz demişdi ki, kəşfiyyatın məlumatına görə, Rusiya ordusu zərbələri bazar ertəsi axşam və çərşənbə axşamı boyunca planlaşdırır. Moskva da, Kiyev də mülki şəxsləri qəsdən hədəfə aldıqlarını inkar edir.
Ukrayna da Rusiyanın içərisinə zərbələrini davam etdirir. Rusiya Müdafiə Nazirliyinin rəqəmlərinə görə, bazar ertəsinə keçən gecə Ukrayna 2022-ci ildən bəri Rusiyaya ən böyük gecə dron hücumunu edib, strateji əhəmiyyətli körpünü və neft emalı zavodlarını hədəfə alıb. Rusiya rəsmilərinin açıqlamalarına görə, ötən gecə Krım körpüsü yenidən vurulub, Moskva istiqamətində uçan 200-ə yaxın dron isə vurulub. Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.
Zərbələr sülh danışıqlarının yenidən canlandığı vaxta düşür. Zelenski bazar ertəsi Ukraynanın Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner, həmçinin Avropa nümayəndələri ilə yeni onlayn danışıqlar apardığını bildirib. Rusiya Ukraynaya 2022-ci ilin fevralında tammiqyaslı hücum edib, Krım yarımadasını isə 2014-cü ildə ilhaq edib.

