“The Wall Street Journal”: Putinin təklif etdiyi Tramp və Si Cinpinlə üçtərəfli görüşün formatı razılaşdırıla bilmir

Foto: Официальный веб-сайт Президента Российской Федерации, CC BY 4.0, Wikimedia Commons
10-11-2026 09:34

ABŞ və Çin noyabrın 18-19-da Çində keçiriləcək APEC sammiti çərçivəsində planlaşdırılan Rusiya, ABŞ və Çin liderlərinin görüşünün formatı və gündəliyi üzrə razılığa gələ bilmir. Üç ölkənin liderləri görüşün keçirilməsinə ilkin razılıq verib, amma onun necə keçəcəyi hələ mübahisə mövzusudur.

“The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazır ki, üçtərəfli görüş ideyasını Vladimir Putin Donald Trampa oktyabrın 9-da telefon danışığında təklif edib. Qəzetin əvvəlki məlumatına görə, Putin bu görüşdə Rusiyanın Ukraynada başlatdığı müharibənin Moskvaya sərfəli şərtlərlə bitirilməsinə nail olmağa ümid edir.

Qəzetin yazdığına görə, Pekin görüşün ciddi ssenari üzrə keçməsini istəyir: hər lider əvvəlcədən hazırlanmış bəyanatı oxumalı, müzakirə imkanı isə minimuma endirilməlidir. Çin nümayəndəsi deyib ki, belə formatda Pekin Ukraynanı və digər vacib məsələləri müzakirə etməyə hazırdır, əvvəlcədən hazırlıq olmasa, ayrı-ayrı ikitərəfli görüşlərə üstünlük verəcək. Tramp administrasiyası isə liderlərin hazır monoloqlarla kifayətlənməyib fikir mübadiləsi edə biləcəyi daha sərbəst format istəyir.

İkinci mübahisəli məsələ nüvə silahlarıdır. Tramp nüvə silahlarına nəzarət mövzusunu qaldırmaq istədiyini bildirib, amma Pekin uzun müddətdir bu barədə danışıqlara həvəs göstərmir. Qəzet yazır ki, belə danışıqlar Çin üçün zəif tərəf kimi görünmək riski daşıyır. Çin nümayəndələrindən biri Pekinin belə görüşdə iştirak etməyə razı olmayacağını deyib.

Tramp özü əvvəl üçtərəfli görüşə qarşı olmadığını, amma bunu “Ukraynanı müzakirə etmək üçün o qədər də yox”, nüvə silahları və nüvə tərksilahı barədə danışmaq üçün istədiyini demişdi. Fikir ayrılığı Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin Əbu-Dabidə danışıqlara başladığı günlərə təsadüf edir.

Digər xəbərlər