Tramp İranla ABŞ arasında vasitəçilik edən Qətərin Baş naziri ilə Ağ Evdə görüşür
Arxiv foto: Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani, 2024. ABŞ Dövlət Departamenti, Public domain, Wikimedia CommonsABŞ Prezidenti Donald Tramp noyabrın 9-da Ağ Evdə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə bağlı qapılar arxasında görüşməlidir. “Reuters” agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən yazır ki, vitse-prezident Cey Di Vens də onunla danışıqlar aparacaq.
Görüş ABŞ və İsrailin İrana qarşı müharibəsini bitirmək şərtləri və İranın nüvə proqramı ətrafındakı fikir ayrılıqları fonunda keçirilir. Tehranın tələbləri arasında iyunda İslamabadda imzalanan memorandum pozulandan sonra tətbiq olunan sanksiyaların götürülməsi, ABŞ-nin regiondakı hərbi varlığının azaldılması, neft güzəştlərinin bərpası, Qətərdəkilər də daxil olmaqla dondurulmuş vəsaitlərin qaytarılması var. İran həmçinin Omanla hazırladığı yeni Hörmüz gəmi marşrutunun tanınmasını, İsrailin Livana hücumları da daxil olmaqla bütün cəbhələrdə müharibənin bitməsini istəyir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi noyabrın 9-da deyib ki, Hörmüzdə gəmiçiliyi iki günə bərpa etməyi nəzərdə tutan plan “ən məntiqli və operativ” proqram olaraq qüvvədə qalır və indi hər şey ABŞ-nin istəyindən asılıdır. Tramp isə bazar günü İranda yeni hədəflər müəyyən etdiklərini, amma güclü razılaşma olarsa, zərbələrin bərpasının çox az ehtimal olduğunu demişdi. Xarici işlər naziri Abbas Əraqçi də hücumlar bərpa olunarsa, sərt cavab veriləcəyi ilə hədələyib.
Bəqayi ABŞ Mərkəzi Komandanlığının İranın silah daşımalarını quru yollarda və Xəzərdə kəsmək üçün yaratdığını açıqladığı “Dəmir Qapı” qrupuna da münasibət bildirib. “Amerika hərbçiləri “Dəmir Qapı” ideyası ilə məğlubiyyətlərini birtəhər kompensasiya etməyə çalışırlar”, - deyə o bildirib.
Sözçü onu da deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri bir neçə gün əvvəl Buşehr AES-də yoxlama aparıb. Agentliyin məlumatına görə, İranda 60 faizədək zənginləşdirilmiş 440,9 kiloqram uran var. Tehran proqramının dinc məqsəd daşıdığını bildirir.


