Kreml Rusiyanın ən tanınmış müstəqil qəzetinin bağlanmasını “adi rotasiya prosesi” adlandırıb

Arxiv foto: Dmitri Muratov, 2023. Metsavend, CC BY-SA 4.0, Wikimedia Commons
09-11-2026 13:37

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov noyabrın 9-da “Novaya Gazeta”nın bağlanmasını şərh edərkən “Rusiyada müstəqil medianın dövrü bitir” fikrinin yanlış olduğunu deyib. “Əlbəttə, ildən-ilə hansısa medialar fəaliyyətini dayandırır, onların yerini yeniləri tutur. Bu, adi rotasiya prosesidir”, - deyə o bildirib.

“Novaya Gazeta” oktyabrın 30-da 30 ildən çox fəaliyyətdən sonra bağlandığını elan edib. “Associated Press” agentliyinin yazdığına görə, redaksiya son sayını çıxarandan sonra ofisini noyabrın 9-da bağlayır. Qəzetin bəyanatında deyilir: “Bizi öldürdülər”. Redaksiyanın sözlərinə görə, onu fəaliyyətini dayandırmağa “Rusiya hakimiyyəti və Rusiya xüsusi xidmət orqanları” məcbur edib.

Qəzet Rusiya ordusunu gözdən salmaqda ittiham olunaraq cərimələnib, “xarici agent” elan edilib. Agentliyin məlumatına görə, onlayn platformaları bloklanıb, mətbəəsi əlindən alınıb, media qeydiyyatı ləğv olunub, oxucuların ianə sistemi bağlanıb, redaksiyaya binanı boşaltmaq əmri verilib.

“Novaya Gazeta” 1993-cü ildə SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçovun Nobel mükafatından ayırdığı pulun köməyi ilə yaradılıb. Qəzetin altı jurnalisti öldürülüb, onların arasında 2006-cı ildə güllələnən Anna Politkovskaya da var. Uzun illər baş redaktor olan Dmitri Muratov 2021-ci ildə Mariya Ressa ilə birlikdə Nobel Sülh Mükafatını alıb, 2023-cü ildə isə “xarici agent” elan olunduqdan sonra vəzifəsini tərk edib.

Qəzetin xaricə köçmüş əməkdaşlarının bir hissəsi “Novaya Gazeta Europe” adlı ayrıca nəşr yaradıb.

Digər xəbərlər