Putinin sözçüsü: Coğrafiya baxımından Ukrayna artıq başqa ölkədir

Arxiv foto: Dmitri Peskov, 2023. Rusiya Prezident Administrasiyası, CC BY 4.0, Wikimedia Commons
09-11-2026 13:23

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov noyabrın 9-da jurnalistlərə deyib: “Ukraynanın formasına gəlincə, coğrafiya baxımından bu, artıq başqa ölkədir, yerdəki reallıqlar da göz qabağındadır”. O, bu sözləri ABŞ Prezidenti Donald Trampın müharibə bitəndən sonra Ukraynanın “bir az fərqli formada” olacağı barədə CBS News telekanalına dediklərinə cavab olaraq söyləyib. Nəyin nəzərdə tutulduğunu dəqiqləşdirmək istəyən jurnalistlərə isə sualı Trampa ünvanlamağı tövsiyə edib.

Rusiya 2014-cü ildə Krımı ilhaq edib, 2022-ci ildə Donetsk, Luhansk, Zaporojye və Xerson vilayətlərini də özünə birləşdirdiyini elan edib. Ukrayna və BMT Baş Assambleyası bu addımları tanımır.

Peskov Əbu-Dabidə gözlənilən görüşdən də danışıb: “Yaxın günlərdə Əbu-Dabidə baş verəcək olan Rusiya ilə Ukrayna arasında Birləşmiş Ştatların vasitəçiliyi ilə üçtərəfli danışıqlardır”. “Politico” nəşri mənbələrə istinadən yazmışdı ki, Britaniya, Fransa və Almaniya milli təhlükəsizlik müşavirləri səviyyəsində Əbu-Dabidə olmağı planlaşdırır, adı açıqlanmayan alman rəsmi isə onların birbaşa danışıqlarda oturmayacağını, sadəcə yaxınlıqda olacağını deyib. Peskovun sözlərinə görə, avropalıların ABŞ və Ukrayna ilə öz əlaqə kanalları var, “görünür, koordinasiya mexanizmlərini qururlar”.

Kreml “The Washington Post” qəzetinin köşə yazarı David İqnatiusun yazdığı başqa bir ideyanı isə şərh etməyib. İqnatiusun mənbəsinə görə, ABŞ-nin danışıqlardakı nümayəndəsi Cared Kuşner Avropada təhlükəsizlik danışıqları üçün 2022-ci ilin yanvarından toplanmayan Rusiya-NATO Şurasını model kimi nəzərdən keçirir. “Heç bir modeli açıq müzakirə etməyəcəyik”, - deyə Peskov bildirib.

Sözçü Çində gözlənilən Putin, Tramp və Si Cinpin görüşünün gündəliyi ilə bağlı isə tərəflərin təklif mübadiləsi apardığını deyib.

Digər xəbərlər