Tramp İran müharibəsinin xərclərini İsrail və Körfəz ölkələrindən geri almaq istədiyini deyir

Foto: Dan Scavino, Public domain, Wikimedia Commons
10-11-2026 15:52

ABŞ Prezidenti Donald Tramp noyabrın 8-də yayımlanan “CBS News” müsahibəsində deyib ki, İran müharibəsi zamanı “qoruduğu” ölkələr müharibənin bütün xərclərini Vaşinqtona ödəyəcək. “Bütün o pulu geri alacağıq. Onlar bunu edəcək, 100 faiz. Çünki biz olmasaydıq, onlar mövcud olmazdılar”, - Tramp bildirib.

Tramp ilk dəfə İsraili də açıq şəkildə bu sıraya qoşub. İranın nüvə proqramına zərbələri xatırladan prezident deyib: “Mən bunu etməsəydim, indi İsrail olmazdı. İsrail yox olardı”. O, iyulda Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn və Küveytin ABŞ-yə ödəniş etməli olduğunu demişdi.

İsrail müharibəyə ABŞ ilə birgə başlayıb, Körfəz ölkələri isə Vaşinqtonun planlarından xəbərdar edilmədiklərini deyir. Bu ölkələr İranın cavab zərbələrinin əsas ağırlığını çəkib və münaqişənin diplomatik yolla həllinə çağırıb. ABŞ Konqresinin Büdcə İdarəsi sentyabrda hesablayıb ki, müharibə davam etdikcə hər ay əlavə 2-3 milyard dollar xərc yaradacaq.

“Al Jazeera” ilə danışan ekspertlər bu sözləri əsasən daxili auditoriyaya ünvanlanmış siqnal sayırlar. “Chatham House” mərkəzindən Nil Kuilliam bunu “ciddi siyasət təklifindən çox siyasi siqnal” adlandırıb, Küveyt Universitetinin müəllimi Bəder əl-Seyf isə Körfəz ölkələrinin bu sözlərə “daxili istehlak üçün” deyilmiş fikir kimi baxacağını bildirib.

Analitik Stefan Lukas hesab edir ki, Tramp respublikaçıların aralıq seçkilərdəki məğlubiyyətindən diqqəti yayındırmağa çalışır. Onun fikrincə, Vaşinqton ərəb müttəfiqlərindən böyük təzminat almayacaq, amma İsraildən iqtisadi güzəştlər istəməkdə daha ciddi ola bilər. Tramp bu ilin sonundan sonra İsrailin ABŞ yardımı almayacağını da açıqlayıb.

Digər xəbərlər