İran Keşikçilər Korpusu Hörmüz boğazında “icazəsiz marşrutla” gedən iki tankerdə partlayış olduğunu deyir
İllüstrativ foto: Fars körfəzində Bəsrə neft terminalında tanker, 2005. Foto: U.S. Navy photo by Photographer’s Mate Airman Eben Boothby, Public domain, Wikimedia Commonsİran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri noyabrın 10-da bildirib ki, Hörmüz boğazından Tehranın icazə vermədiyi marşrutla keçməyə çalışan iki tanker dayandırılıb və göyərtələrində güclü partlayışlardan sonra yanğın başlayıb. Bəyanatı “Tasnim” agentliyi yayıb.
SEPAH-ın iddiasına görə, gəmilər naviqasiya sistemlərini söndürərək hərəkət edirmiş. Onlardan biri, supertanker, minaya düşüb, digəri isə boğazı “ABŞ qırıcılarının himayəsi altında” keçməyə çalışıb. Qurum hadisənin boğazın cənub sahillərində baş verdiyini deyir.
Yayılan məlumatda tankerlərin adı, sahibi və heyətin vəziyyəti barədə söz yoxdur. SEPAH Oman sahillərinə yaxın cənub marşrutunun təhlükəli olduğunu dəfələrlə bəyan edib, boğazın tam öz nəzarətində olduğunu deyib.
Bu iddia ABŞ Prezidenti Donald Trampın İran müharibəsinin “faktiki olaraq bitdiyini” dediyi və “Brent” neftinin qiymətinin avqustdan bəri ilk dəfə 90 dollardan aşağı düşdüyü gün səslənib.


