Putinin nümayəndələri ilə Əbu-Dabidə ilk gün dörd saat danışıqlar aparılıb, ABŞ tərəfində NATO-nun Avropa komandanı da olub
Arxiv foto: U.S. Embassy Jerusalem, CC BY 2.0, Wikimedia CommonsRusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə noyabrın 10-da keçirilən üçtərəfli danışıqların birinci günü başa çatıb, görüşlər çərşənbə günü davam edəcək. “Interfaks” agentliyi danışıqçı qrupdakı adı açıqlanmayan mənbəyə istinadən yazır ki, mətbuata qapalı keçən görüş yerli vaxtla təxminən 12:20-də başlayıb, 40 dəqiqəlik fasilə ilə birlikdə dörd saata yaxın davam edib.
Rusiya heyətinə Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. ABŞ-ni Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner təmsil edib, danışıqlarda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı, general Aleksus Qrinkeviç də iştirak edib. Medinski görüşün əvvəlində danışıqların sülh yolunda irəliləməyə imkan verəcəyinə ümid etdiyini deyib. ABŞ-nin dövlət katibi Marko Rubio jurnalistlərə danışıqların “çox məhsuldar” keçdiyini, amma tərəflərin qarşısında hələ çox iş olduğunu və məsələnin yaxın vaxtda həll olunacağını demək üçün əsas olmadığını bildirib.
AFP agentliyinin yaydığı sözlərinə görə, Kuşner birinci gün Ukrayna, Rusiya və Avropa arasında düzgün təhlükəsizlik münasibətləri qurmaqdan danışıb. Onun fikrincə, məqsəd təkcə müharibəni bitirmək deyil, həm də yeni çərçivə yaratmaqdır və uğur əldə olunsa, onilliklərlə, bəlkə də əsrlərlə sülhü təmin etmək mümkün olacaq.
AFP yazır ki, Trampın keçən həftə Rusiya ilə təkcə Ukraynanı yox, “bütün Avropanı” əhatə edəcək “çox böyük” razılaşma elan etməsi avropalılarda Vaşinqtonla Moskvanın Avropa təhlükəsizliyi barədə onların arxasında sövdələşə biləcəyi şübhəsi yaradıb. Rusiya ilə görüşdən əvvəl Əbu-Dabidə Kiyev, Aİ, ABŞ və NATO nümayəndələri məsləhətləşmə keçirib. Birgə bəyanatda deyilir ki, gələcək razılaşmalarda Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli, ölkəyə etibarlı təhlükəsizlik zəmanətləri verilməlidir.
Tramp isə noyabrın 9-da “CBS News” telekanalına müsahibəsində müharibənin tezliklə bitəcəyini gözlədiyini və bundan sonra Ukraynanın “bir qədər fərqli formada” ola biləcəyini deyib. Bu sözlər Kiyevin Rusiyanın nəzarətindəki əraziləri güzəştə getməli olacağı ilə bağlı narahatlıq yaradıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da həmin gün Moskvanın atəşin dərhal dayandırılmasına razı olmayacağını bildirib.


