ABŞ-nin maliyyə naziri: İran iqtisadiyyatı bir ildə 25 faiz kiçilə bilər
Foto: Treasury Department, Public domain, Wikimedia CommonsABŞ-nin maliyyə naziri Skott Bessent bazar günü “Fox News” telekanalına deyib ki, İran iqtisadiyyatı qarşıdakı bir ildə 25 faiz kiçilə bilər. “Bu, tarixin ən sürətli çöküşlərindən biridir”, - deyə nazir bildirib.
Bessent oxşar proqnozu oktyabrın 26-da “Iran International” telekanalına müsahibəsində də vermişdi. O zaman nazir İran iqtisadiyyatının 2026-cı ilin martından 2027-ci ilin martına qədər 25 faizdən çox kiçiləcəyini, bunun Sovet İttifaqının dağılmasından sonrakı enişdən də böyük olacağını demişdi.
Nazirin sözləri ABŞ-nin İran limanlarına qarşı dəniz blokadasını gücləndirdiyi vaxta düşür. “ABC News” telekanalı ABŞ rəsmisinə istinadən yazıb ki, “Theodore Roosevelt” aviadaşıyıcısı bazar günü ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub və Ərəb dənizindəki “George H.W. Bush” və “George Washington” gəmilərinə qoşulub.
“Reuters” agentliyinin şənbə günü yazdığına görə, Tramp İran və ya Yəməndəki husilər yeni addım atmasa, İrana qarşı zərbələri təxirə salmağı düşünür. Agentlik yazır ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trampdan hücumları bərpa etməməyi xahiş ediblər.
Tehranda isə İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf bazar günü ABŞ-nin yeni hücumunun müharibəni genişləndirə biləcəyini deyib: “Amerikalılar bu dəfə səhv etsə, döyüşün coğrafiyasını silahlı qüvvələrimizin imkanları və iradəsi müəyyən edəcək”. İran dövlət mediasının məlumatına görə, xarici işlər naziri Abbas Əraqçi çərşənbə axşamı Omana gedəcək. Oman əvvəllər Tehranla Vaşinqton arasında vasitəçilik edib.
Eyni gecə İran Hərbi Dəniz Qüvvələri IRNA agentliyinə bildirib ki, Hörmüz boğazının şərqində daha bir neft tankeri dəniz minasına düşüb və yanıb. İran tərəfi iddia edir ki, tanker avtomatik identifikasiya sistemini söndürərək Tehranın icazə vermədiyi zonadan keçirdi. Bir gün əvvəl İran boğazda daha iki tankerin minaya düşdüyünü açıqlamışdı. Hörmüz boğazındakı müharibə dünya neft bazarını sarsıdır, bu isə büdcəsi neft gəlirindən asılı olan Azərbaycan üçün də birbaşa əhəmiyyət daşıyır.


