Əbu-Dabi danışıqları gedərkən Lavrov: Rusiya Ukraynada atəşin dərhal dayandırılmasına razı olmayacaq

Foto: ДИП МИД РФ (фотограф Эдуард Песов), CC BY 4.0, Wikimedia Commons
10-11-2026 15:30

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-da jurnalistlərə deyib ki, Moskva Avropa ölkələrinin Ukraynada atəşin dərhal dayandırılması tələbini qəbul etməyəcək. Bu sözlər ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin Əbu-Dabidə iki günlük danışıqlara başladığı gün səslənib. Rusiya heyətinə Putinin köməkçisi Vladimir Medinski, Ukrayna heyətinə isə Rüstəm Umerov başçılıq edir.

“Brüsseldən və Avropa İttifaqının digər paytaxtlarından eşidilən hər şey atəşin dərhal dayandırılması tələbidir. Yəni yenə köhnə məntiq: öz müştəriləri olan Kiyev rejimi üçün vaxt qazanmaq və bu vaxtdan hərbi itkilərini bərpa etmək üçün istifadə etmək. Biz buna razı olmayacağıq”, - Lavrov deyib.

Nazirin sözlərinə görə, əvvəlcə gələcək təhlükəsizlik arxitekturasının dəqiq parametrlərini müəyyənləşdirmək və sonra Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına keçmək ideyası “tamamilə ağlabatandır”. Lavrov iddia edir ki, Avropa ölkələrinin planı atəşkəs olan kimi Kiyevin nəzarətindəki ərazilərə “sabitləşdirmə qüvvələri” yeritməkdir: “Biz bu konsepsiyanın həyata keçirilməsinə imkan verməyəcəyik”.

Azadlıq Radiosu yazır ki, adlarının çəkilməməsi şərtilə danışan ABŞ rəsmiləri müharibəni bitirmək istiqamətində ciddi irəliləyiş üçün “real şans” olduğunu deyir, amma iki günlük görüşlərdən yekun razılaşma gözləmirlər. Eyni yazıya görə, avropalı rəsmilər və analitiklər Moskvanın ərazi və Ukraynanın gələcək təhlükəsizliyi məsələlərində güzəştə getməyə hazır olduğuna dair az əlamət görürlər. Ukrayna atəşkəs çağırışı edir, Rusiya isə bu fikri rədd edir.

Digər xəbərlər