Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Hakimiyyət çətin seçim qarşısında

29-07-2017 03:29 / Bu xəbər 423 dəfə oxundu
Nəsimi Məmmədli

Rusiya-Ermənistan birgə qoşun qrupunun yaradılması ilə bağlı xəbər ölkəmizdə narahatlıqla müzakirə edilməkdədir. Xüsusilə də Qarabağın gələcək taleyi ilə bağlı daha da pessimist fikirlər dolaşmaqdadır. Bu qərarın ölkəmizə hərbi-siyasi təsirləri nə ola bilər?

Mütəmadi olaraq Rusiya-Azərbaycan dostluğundan məqsədyönlü şəkildə pafosla dəm vuran, strateji müttəfiqlikdən ağız dolusu danışan, habelə bu dostluğun perspektivinə inanlar üçün bəlkə də hansısa gözlənilməzlik baş verib. Ancaq Rusiyanın dövlət siyasətinin mahiyyətini bilənlər üçün heç bir gözlənilməzlik və təşviş doğuracaq hal yoxdur. İndiyədək qeyri-rəsmi mövcud olan bu ittifaqın indi açıq şəkildə ortaya çıxması əslində xeyli müsbət haldır. Rusiya regionda yerləşən və maraqları olan hər bir dövlətə bu addımı ilə açıq mesajını verib.


Faktiki olaraq Azərbaycan ərazilərində erməniləri məskunlaşdıran, Ermənistan dövlətinin yaranmasına dəstək verən və onun mövcudluğuna qarantiya olan dövlət Rusiyadır. Hazırda işğal altında olan Azərbaycan ərazilərini də erməni-rus hərbi birləşmələri birgə işğal edib. Xocalıda minlərlə dinc insana qarşı əsrin ən dəhşətli soyqırım cinayətini törədən də bu ittifaq olub.

Putin administrasiyasının Orta Şərq siyasəti getdikcə iflasa uğrayır. Nizamlama prosesində qlobal güc kimi onunla masa arxasına əyləşib bazarlıq etmək istəyən yoxdur. Rusiyanın iqtisadi resursları Orta Şərq siyasətini uzun müddət bu şəkildə sürdürməyə imkan vermir. Sanksiyalar Rusiya iqtisadiyyatını getdikcə zəiflədir və daxili sosial-siyasi tarazlığı tədricən pozur.

Rusiya MDB üzvü olan keçmiş sovet respublikalarını yeni birlik formatında öz nəzarəti altına almaqla daxili və xarici siyasətinə yeni nəfəs vermək ümidindədir. Putin iqtidarı bu ölkələrə son siyasi həmləsini etməyə hazırlaşır. Bir tərəfdən qərbində və cənubunda mövcud olan dövlətlərin müstəqil xarici siyasətini özünə təhlükə hesab edir, digər tərəfdən də sadə rus xalqının diqqətini daxili sosial problemlərdən yayındırmaq üçün yeni geosiyasi ideyaların arxasına sığınmaq istəyir. Beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayaraq qonşularının daxili işinə bütün vasitələrlə müdaxilə etmək niyyətini göstərir.

Azərbaycan hökumətinin demokratik islahatlardan yayınmaq üçün daim sığındığı "etibarlı dost” artıq Ermənistanla açıq hərbi ittifaqını təsdiq etdi. Azərbaycan hökuməti fakt qarşısında qalıb və çətin seçim etməli olacaq. Hakimiyyət marağının təminatı dövləti təhlükəyə sürüklədiyi kimi, dövlət marağının qorunması da hakimiyyət üçün arzuolunmaz proseslərə təkan verəcək.

İndi hakimiyyətin əsas iki yolu var. Ya üzünü aydın şəkildə qərbə tutub onun siyasi dəyərlərini qəbul edərək ölkənin təhlükəsizliyinə qlobal qarantiyanı təmin etməli, ya da Rusiyanın şərtlərinə razılaşaraq onun istəklərinə boyun əyməlidir.
Görünən budur ki hakimiyyət komandası son anadək Rusiyaya müəmmalı bağlılığına sadiq qalacaq. Bu yanaşma ilə Rusiyanı neytrallaşdırmağa çalışacaq. Rusiyanın şərtləri qəbul edilərsə, yaxın perspektivdə öncə suverenliyimiz, sonra isə Qarabağ itiriləcək. Nisbi müstəqilliyimiz qalsa da, burada bütün siyasi dəyişikliklərin təşəbbüsü daha açıq şəkildə Rusiyanın əlinə keçəcək. Hətta bir müddət sonra özünə daha yaxın olan hakimiyyət də formalaşdırmağa cəhd edilə bilər. Azərbaycanın belə bir seçimi İranın da, Ermənistanın da maraqlarına cavab verir. Onlar hakimiyyəti və cəmiyyəti buna təşviq etmək üçün bütün vasitələrdən yararlanacaqlar.

Qərblə sıx siyasi əməkdaşlıq dövlət təhlükəsizliyimizə təminat yaratsa da, hakimiyyət üçün arzuolunmaz proseslərə start verəcək. Həm Rusiyanın, həm İranın, həm də Ermənistanın iqtisadi, siyasi, hərbi təzyiqləri artacaq. Demokratik açılım, iqtisadi-siyasi islahatlar, hüquqların təminatına imkan yaradan siyasət bir müddət sonra hakimiyyətin dinc yolla dəyişməsinə gətirib çıxaracaq. Ölkənin demokratik inkişaf yoluna qədəm qoyması reallaşa bilər.

Çox güman ki, hakimiyyət özünə yaxın müxlif siyasi qüvvələrlə birgə dövlət maraqlarının təhlükədə olması ilə cəmiyyəti bir müddət şantaj etməyə çalışacaq. Beynəlxalq münasibətlərin elə bir çərçivəsi yaranıb ki, artıq qərbin heç nə ilə şantaj edilməsi mümkün deyil. İqtidarın nə qədər vaxt uda biləcəyini demək çətin olsa da, bu gərgin situasiyanı itkisiz aşa bilməyəcəyini demək çətin deyil. Qarabağ məsələsi və daxili siyasi proseslərlə bağlı gözlənilən duruma növbəti yazıda birgə nəzər salmağa çalışacağıq.

Digər xəbərlər