İran ordusu Hörmüz boğazında daha bir neft tankerinin minaya düşüb alovlandığını deyir

Foto: MODIS Land Rapid Response Team, NASA GSFC, Public domain, Wikimedia Commons
11-11-2026 12:08

İran ordusunun Hərbi Dəniz Qüvvələri noyabrın 11-də bildirib ki, Hörmüz boğazının şərq hissəsində neft tankeri dəniz minasına toxunub və partlayışdan sonra alovlanıb. Məlumatı İranın dövlət mediası yayıb.

İran hərbçilərinin iddiasına görə, gəmi Tehranın “icazəsiz” saydığı marşrutla gedirmiş. Bir gün əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu da boğazın şərqində “icazəsiz marşrutla” keçən üç tankerin minaya düşərək alovlandığını demişdi. Britaniyanın dəniz ticarətinə nəzarət edən UKMTO mərkəzi isə həmin gün iki tankerlə bağlı insident barədə məlumat aldığını, onlardan birinin Omanın Lima kəndinin şimal-şərqində naməlum mərmi ilə vurulduğunu bildirmişdi.

Tehran boğazı ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı bağlayıb. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Livanın “Əl-Mayadin” telekanalına deyib ki, Hörmüz Vaşinqton Tehranın yeddi şərtini qəbul edənə qədər açılmayacaq. Rzai ABŞ-nin ilk cavabını “qeyri-kafi və aldadıcı” adlandırıb.

İran şərtlərin tam siyahısını açıqlamayıb. Rzai və xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, onların arasında sanksiyaların və ABŞ-nin dəniz blokadasının götürülməsi, bütün cəbhələrdə, xüsusən İsrailin Livana hücumlarının dayandırılması var. Əraqçi tələblər qəbul olunarsa, boğazın iki gün ərzində açıla biləcəyini deyib.

ABŞ dövlət katibi Marko Rubio isə Parisdə G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib ki, İrana qarşı iqtisadi kampaniya “o qədər dağıdıcıdır ki, hazırda böyük döyüş əməliyyatlarına ehtiyac yoxdur”.

Doqquzuncu ayına qədəm qoyan müharibə dünyada neft və qaz təchizatını pozub, qiymətləri qaldırıb. Hörmüzdəki hər yeni insident neft bazarına təsir edir, büdcəsi əsasən neft gəlirlərindən asılı olan Azərbaycan üçün də bu qiymətlər həlledicidir.

Digər xəbərlər