AXCP: Partiyanın Sabunçu şöbəsinin sədri səhər evdən çıxıb, yeri bilinmir
İllüstrativ foto: Sabunçu qəsəbəsi. Foto: Interfase, CC BY-SA 4.0, Wikimedia CommonsAzərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubovun yerinin məlum olmadığını açıqlayıb. Partiyanın məlumatına görə, Yusubov noyabrın 12-də səhər tezdən işə getmək üçün evdən çıxıb, işə çatmayıb və o vaxtdan telefonuna zəng çatmır.
AXCP ailəsinə istinadən bildirir ki, Yusubov hər gün işə öz avtomobili ilə gedir, ancaq bu gün maşın evin yanında qalıb. Partiyanın sözlərinə görə, avtomobilin qapısı açıq, açarı da içində olub. AXCP bunu belə izah edir ki, o, maşını uşaqları məktəbə aparıb-gətirən ailə üzvləri istifadə edə bilsin deyə açıq qoymuş ola bilər.
Azadlıq Radiosu yazır ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və digər rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Polis hələlik açıqlama verməyib.
Son illər AXCP üzvləri tez-tez inzibati qaydada həbs olunur. Partiyanın 20-dən çox fəalı uzunmüddətli həbsdədir, onların arasında partiya sədri Əli Kərimli də var. AXCP fəallarının siyasi sifarişlə həbs edildiyini deyir. Rəsmilər isə ölkədə siyasi fəaliyyətə görə həbs olmadığını, həmin şəxslərin törətdikləri əməllərə görə mühakimə edildiyini bildirirlər.
Hüquq müdafiəçilərinin hazırladığı son siyahıya görə, Azərbaycan həbsxanalarında 322 siyasi məhbus var.


