“Abzas Media”: Ülvi Həsənli 10 gündür cərimə kamerasındadır, ondan məhbus şikayətlərini sildirmək tələb olunur
Arxiv foto: Ülvi Həsənli, 2021. Voice of America, Public domain, Wikimedia Commons9 il azadlıqdan məhrum edilən “Abzas Media”nın direktoru Ülvi Həsənlinin artıq 10 gündür cəzaçəkmə müəssisəsinin cərimə kamerasında (“kars”) saxlanıldığı deyilir.
Nəşrin baş redaktoru Günel Səfərova noyabrın 11-də sosial media hesabında yazıb ki, Həsənlidən müxtəlif həbsxanalardan “Abzas Media”ya göndərilən məhbus şikayətlərinin saytdan silinməsi tələb olunur. “Həbsxanalardakı problemləri həll etmək əvəzinə, onları ictimailəşdirən medianın həbsdə olan jurnalistlərinə təzyiq göstərmək çıxış yolu deyil”, - Səfərova yazıb.
Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva noyabrın 3-də bildirmişdi ki, ərini bir gün əvvəl 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salıblar. Quliyeva müəssisə rəisinin müavini Kamran Şahsuvarovun digər məhbusları Həsənliyə qarşı qızışdırdığını iddia etmişdi: “Rəhbərlik haqqında yazılar gedən məhbusları hədələyib məcbur edirlər ki, Ülviyə desinlər, saytdan yazıları sildirsin”.
Penitensiar Xidmət iddialarla bağlı hələlik açıqlama verməyib.
Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. “Abzas Media işi” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il iyunun 20-də Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və iqtisadçı Fərid Mehralızadəni 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, layihə koordinatoru Məhəmməd Kekalovu isə 7 il 6 ay həbs cəzasına məhkum edib.
Onlara qaçaqmalçılıq və bir sıra maliyyə cinayətləri ittihamı verilib. Məhkumlar ittihamları qəbul etmir və həbslərini jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.


