Rusiya XİN Ermənistan rəsmisinə cavab verib: “2020-ci ildə qan tökülməsini məhz Rusiya dayandırıb”

Foto: Совет Федерации, CC BY 4.0, Wikimedia Commons
07-11-2026 22:00

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Rusiyanı 2020-ci il payızında Qarabağ müharibəsinin qızğın mərhələsində hərəkətsizlikdə ittiham etməsinə cavab verib. Zaxarova şənbə günü jurnalistlərə deyib ki, bu cür sözlər real vəziyyəti təhrif edir.

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Simonyan Moskvaya gəlməzdən əvvəl deməyə qərar verib ki, guya Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin kəskin mərhələsində heç nə etməyib. Rusiyanın atmadığı hansısa “təsirli addımlar”dan danışmaq və bununla rus sülhməramlılarının səylərini və qurbanlarını kiçiltmək həqiqəti təhrif etməkdir”, - Zaxarova deyib.

Sözçü daha sərt ifadə də işlədib: “Bilmirik, o vaxt kimin ayaqlarına düşürdü, bəlkə də hələ də bunu edir. Amma regionda qan tökülməsini başqası yox, məhz Rusiya dayandırıb”. Zaxarova 2020-ci il 10 noyabr gecəsi Putin, Əliyev və Paşinyanın imzaladığı atəşkəs bəyanatını və ondan sonra Qarabağa yerləşdirilən Rusiya sülhməramlı kontingentini xatırladıb.

Zaxarovanın sözlərinə görə, 2021-2022-ci illərin üçtərəfli razılaşmaları sülh müqaviləsi, kommunikasiyaların açılması və sərhədin delimitasiyası üçün “yol xəritəsi” yaradıb və bu razılaşmaların heç biri ləğv olunmayıb. O, Paşinyanın 2022-ci ilin oktyabrında Praqada Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını da xatırladıb.

Rusiya sülhməramlıları 2024-cü ildə Qarabağdan tam çıxarılıb. Ermənistan rəhbərliyi Moskvanı həm 2020-ci il müharibəsində, həm də 2023-cü ilin sentyabrında, Azərbaycanın hərbi əməliyyatından sonra Qarabağ ermənilərinin bölgəni tərk etdiyi dövrdə, öhdəliklərini yerinə yetirməməkdə dəfələrlə ittiham edib.

Digər xəbərlər