“The Wall Street Journal”: ABŞ kəşfiyyatı İranın arsenalında hələ 2 500-ə qədər raket qaldığını hesablayır

Foto: Islamic Revolutionary Guard Corps Aerospace Force, CC BY 4.0, Wikimedia Commons
15-11-2026 13:48

ABŞ kəşfiyyat orqanlarının qiymətləndirməsinə görə, İranın arsenalında hələ 1 500-2 500 raket ola bilər. Bunu “The Wall Street Journal” qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazır.

Qəzetin mənbələri bildirir ki, bu sayda raket müharibə yenidən tam miqyasda başlayarsa, Tehrana ABŞ və onun müttəfiqləri ilə bağlı hədəflərə ciddi zərbələr endirmək imkanı verir. Onların sözlərinə görə, İran raket ehtiyatlarını doldurmaq imkanını da saxlayıb, amma ABŞ və İsrailin 2026-cı il fevralın 28-də başladığı hücumlardan əvvəlkindən daha yavaş istehsal edə bilər. İranın çoxlu pilotsuz aparatı və qısa mənzilli raketi də var.

İsrail ordusu İranın 1 500-dən çox raketi olduğunu hesablayır. Qəzetin yazdığına görə, regiondakı müşahidəçilərin hesablamaları məlumat azlığı səbəbindən bir-birindən fərqlənir.

Adı açıqlanmayan bir İsrail hərbi rəsmisi deyib ki, ABŞ və İsrailin zərbələrinin raket proqramına vurduğu ziyana baxmayaraq, İran hərbi potensialını bərpa edir və növbəti ciddi döyüş mərhələsinə hazırlaşır. Başqa bir İsrail rəsmisinin sözlərinə görə, giriş yolları ABŞ və İsrail zərbələri ilə uçurulan yeraltı anbarlardakı raketlər, görünür, zərər görməyib.

ABŞ və İsrail rəsmiləri qəzetə həmçinin bildiriblər ki, İranın hücumları səbəbindən ABŞ komandanlığı hərbi texnika və avadanlığın bir hissəsini daha təhlükəsiz sayılan İsrailə köçürüb. Hesablamalar İranın Körfəz ölkələrindəki ABŞ bazalarına zərbələrinin davam etdiyi vaxta düşür: bazar günü İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarını pilotsuz aparatlarla vurduğunu açıqlayıb.

Digər xəbərlər