Bəhreyn: Hava hücumundan müdafiə sistemləri İranın bir neçə hücumunu hədəfə çatmamış vurub
İllüstrativ foto: Bəhreynin paytaxtı Manama. Zairon, CC BY-SA 4.0, Wikimedia CommonsBəhreyn ordusu bazar günü bildirib ki, hava hücumundan müdafiə sistemləri İranın bir neçə hava hücumunu hədəflərinə çatmamış vurub. Ordu Tehranı krallığa qarşı “sistemli düşmənçilik yanaşmasını” davam etdirməkdə ittiham edib.
Bəhreyn Xarici İşlər Nazirliyinin açıqlamasına görə, vurulanlar İran pilotsuz uçuş aparatları olub. Nazirlik ölkə ərazisinin “hesab çəkmə meydanına” çevrilməsini qəbul etmədiyini yazıb və hücumlara, onların nəticələrinə görə məsuliyyəti tam İranın üzərinə qoyub.
AFP agentliyi yazır ki, onun Bəhreyndəki müxbirləri yerli vaxtla saat 4 radələrində partlayış səsləri eşidib, sakinlər isə 6:30 radələrində ikinci partlayış seriyası barədə danışıblar. Sirenlər çalınıb, Daxili İşlər Nazirliyi sakinləri sakit qalmağa və ən yaxın təhlükəsiz yerə keçməyə çağırıb. Bu, Bəhreyndə sentyabrdan bəri ilk belə xəbərdarlıq olub.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bildirib ki, altı pilotsuz aparatı Bəhreyndəki Ər-Riffa helikopter bazasında ABŞ hava hücumundan müdafiə sisteminin radarını hədəf alıb. Korpusun bəyanatında “Hörmüz boğazı bağlıdır” deyilib və ABŞ-nin istənilən hücumuna daha sərt cavab veriləcəyi bildirilib. Radarın vurulub-vurulmadığını ABŞ və Bəhreyn hələlik təsdiqləməyib.
Bəhreyn bir müddət sakitlikdən sonra üç gün ərzində ikinci dəfə hədəfə çevrilir. Cümə günü SEPAH ölkədə ABŞ-nin erkən xəbərdarlıq radarını vurduğunu açıqlamışdı, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə adaya yönələn iki İran dronunu vurduğunu, itki və zərər olmadığını bildirmişdi. Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı yerləşir.
Səudiyyə Ərəbistanı ordusu da bazar günü Ər-Riyada doğru atılan iki husi ballistik raketini və neftlə zəngin Şərq əyalətinə yönələn üç pilotsuz aparatı vurduğunu açıqlayıb. Fevralın 28-də ABŞ və İsrailin İrana zərbələri ilə başlayan müharibə doqquz aya yaxındır davam edir. “Reuters” agentliyinin məlumatına görə, Tramp son günlərdə müşavirlərinə İran və husilər “yeni təxribatlardan” çəkinsə, İrana yeni zərbələrdən çəkinə biləcəyini deyib, ABŞ-nin İrana dəniz blokadası isə qüvvədə qalır.
Körfəzdəki gərginlik neftin qiymətinə birbaşa təsir edir, neftin qiyməti isə Azərbaycan büdcəsinin əsas gəlir göstəricisidir.


