İran XİN sözçüsü Körfəz ölkələrini ABŞ-nin İrana hücumlarına dəstək verməkdə ittiham edib

Foto: Foad Ashtari, CC BY 4.0, Wikimedia Commons
15-11-2026 13:20

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bazar günü mətbuat konfransında Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə və ərazilərindəki bazalardan raket, pilotsuz aparat və təyyarələrin qalxmasına imkan yaratmaqda ittiham edib. Onun sözlərinə görə, Tehran bu faktları sənədləşdirir və məsələni diplomatik kanallarla izləyəcək.

Bəqai İranın qonşu ölkələrdəki ABŞ bazalarına zərbələrini BMT Nizamnaməsinin özünümüdafiə hüququ haqqında 51-ci maddəsi ilə əsaslandırıb. O deyib ki, İran yalnız İrana zərbə endirmək üçün istifadə olunan ABŞ bazalarını hədəf alır və başqa dövlətlərin suverenliyinə qəsd etmir. Eyni gün İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarını pilotsuz aparatlarla vurduğunu açıqlayıb, Bəhreyn isə bir neçə İran dronunu vurub saldığını bildirib.

Sözçü İranın ABŞ ilə mümkün razılaşma çərçivəsində uranın zənginləşdirilməsini müvəqqəti dayandırıb-dayandırmayacağı barədə suala belə cavab verib: “Xeyr, biz indi ümumiyyətlə təmasların o mərhələsində deyilik. Bu dövrdə nüvə məsələsi ilə bağlı müzakirəmiz olmayıb”. Bəqai zənginləşdirmə hüququnun İranın Nüvə Silahının Yayılmaması Müqaviləsinə üzvlüyü ilə təmin olunduğunu da vurğulayıb.

Bəqainin sözlərinə görə, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) qarşısındakı öhdəliklərini dayandırmayıb, amma regiondakı müharibə səbəbindən əməkdaşlığın böyük hissəsi fasilədədir: “Vəziyyət dəyişməyincə, İranla MAQATE arasındakı əməkdaşlıqda hər hansı dəyişiklik gözləmək olmaz”. O, agentliyi ABŞ və bəzi Avropa ölkələrinin təsiri altında İranın nüvə proqramını birtərəfli işıqlandırmaqda günahlandırıb. “Bloomberg” agentliyi cümə günü MAQATE-nin rüblük hesabatına istinadən yazmışdı ki, agentlik İrandakı uran ehtiyatlarının yalnız mülki məqsədlər üçün olub-olmadığını dəqiq müəyyən edə bilmir, İran isə indiki şəraitdə yoxlamaların mümkün olmadığını bildirib.

Bəqai ABŞ-nin danışıqlar davam edərkən İrana iki dəfə hücum etdiyini, bununla dialoq imkanını sarsıtdığını deyib. Onun sözlərinə görə, iyunda İranla ABŞ arasında imzalanan anlaşma memorandumu iki həftə belə qüvvədə qalmayıb. Sözçü Tehranın “strateji tərəfdaş” adlandırdığı Rusiya və Çinlə daim təmasda olduğunu da bildirib.

Digər xəbərlər