Əbu-Dabi danışıqları davam edərkən Rusiyanın Baltikdəki Ust-Luqa limanında dron hücumundan sonra yanğın başlayıb
Ust-Luqa limanı, illüstrativ foto: “Novotrans” şirkətinin mətbuat xidməti, CC BY-SA 4.0, Wikimedia CommonsRusiyanın Leninqrad vilayətindəki Ust-Luqa limanının ərazisində pilotsuz uçan aparat hücumundan sonra yanğın başlayıb. Vilayətin qubernatoru Aleksandr Drozdenko noyabrın 11-də səhər yazıb ki, ilkin məlumata görə, dron liman zonasına düşüb, yanğını söndürmək üçün qüvvələr cəlb olunub. Onun sözlərinə görə, Ust-Luqadakı transformator yarımstansiyası da qəzalı şəkildə sıradan çıxıb.
Drozdenko gecə ərzində Leninqrad vilayəti üzərində 146 dron vurulduğunu bildirib. Sankt-Peterburqun Pulkovo hava limanı təyyarələri qəbul etmir və yola salmır. Gecə Rusiyanın Kazan, Ufa, Kirov, Çeboksarı və digər şəhərlərinin hava limanlarında da uçuşlara məhdudiyyət qoyulub.
Fin körfəzinin sahilindəki Ust-Luqa Rusiyanın Baltik dənizindəki əsas ixrac limanlarından biridir, buradan neft, neft məhsulları, kömür və gübrə daşınır. 2024-cü ilin yanvarında Ukrayna dronlarının hücumundan sonra limandakı “Novatek” şirkətinin terminalında da yanğın baş vermişdi.
Hücum ABŞ vasitəçiliyi ilə Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ heyətləri arasında keçirilən danışıqların ikinci gününə təsadüf edib. “Reuters” agentliyi bir gün əvvəl yazmışdı ki, Ukrayna son aylarda Rusiyanın neft emalı gücünün təxminən 30 faizinə düşən zavodları vurub. Rusiya hərbçiləri isə Ukraynanın dron idarəetmə məntəqələrinin 146-sını məhv etdiyini iddia edib.
Rusiya limanlarına və neft obyektlərinə zərbələr dünya neft bazarı üçün də əhəmiyyətlidir: ixracın azalması qiymətə təsir edir, neft qiyməti isə Azərbaycan büdcəsinin əsas gəlir mənbəyidir.


