Polşa Rusiyaya qarşı vuruşan Ukrayna üçün ABŞ silahlarının alınmasına pul verməyi dayandırır

Arxiv foto: Platforma Obywatelska RP, CC BY-SA 2.0, Wikimedia Commons
13-11-2026 22:49

Polşa Avropa ölkələrinin Ukrayna üçün ABŞ-dən silah alması proqramına - PURL-a töhfə verməyi hələlik dayandırır. Polşanın Baş naziri Donald Tusk noyabrın 13-də deyib ki, bu barədə NATO-nun baş katibi Mark Rütteni məlumatlandırıb.

“Mark Rütteyə bildirdim ki, hazırda PURL proqramına, yəni Ukrayna üçün Amerika silahlarına ayrılan Avropa pulu proqramına töhfə verməyəcəyik”, - Tusk deyib. O, səbəb kimi Polşanın yüksək büdcə kəsirini və müdafiəyə çəkilən böyük xərcləri göstərib.

PURL təşəbbüsünü 2025-ci il iyulun 14-də ABŞ prezidenti Donald Tramp və Mark Rütte elan ediblər. Proqram çərçivəsində Avropa ölkələri və Kanada Ukraynanın Rusiyaya qarşı müharibədə istifadə etdiyi Amerika silahlarının, o cümlədən hava hücumundan müdafiə sistemlərinin və döyüş sursatının pulunu ödəyir. Təşəbbüs Tramp administrasiyası Kiyevə silahları pulsuz verməkdən imtina etdikdən sonra yaranıb.

Polşa Ukraynanın ən yaxın dəstəkçilərindən biri sayılır və Rusiya ilə sərhəddə yerləşir. Qərar Avropa İttifaqının Rusiya ilə mümkün danışıqlarda iştirak edəcək nümayəndə heyətini razılaşdırdığı gün açıqlanıb.

Digər xəbərlər