Sankt-Peterburqda Rusiya ordusunun polkovniki avtomobilinin altında qoyulan partlayıcıdan ölüb
İllüstrativ foto: Sankt-Peterburqun Şuşarı qəsəbəsi. Foto: Дмитрий Кудряшов, CC BY-SA 2.5, Wikimedia CommonsSankt-Peterburqun Şuşarı qəsəbəsində, Kolpino şossesində noyabrın 12-də səhər avtomobilin partlaması nəticəsində Rusiya ordusunun polkovniki ölüb. Hərbçinin adı hələlik açıqlanmayıb.
Sankt-Peterburqun “Fontanka” nəşri yazır ki, partlayıcı qurğu avtomobilin altına bərkidilibmiş və polkovnik həyətdən çıxanda işə düşüb. Partlayışdan sonra şossedə hərəkət bağlanıb. Rusiya hüquq-mühafizə orqanları hadisəni hələlik şərh etməyib, partlayışa kimin cavabdeh olduğu da bilinmir.
Bu, Kolpino şossesində son aylarda baş verən ikinci belə hadisədir. Avqustun 27-də eyni yolda bir podpolkovnik və həyat yoldaşının olduğu avtomobil partladılmışdı: zabit ölmüş, qadın sağ qalmışdı. Həmin vaxt da qurğu avtomobilin altına bərkidilmişdi. “Fontanka” öz mənbələrinə istinadən yazmışdı ki, bu işdə partlayışdan sonra Türkiyəyə gedən 24 yaşlı Rusiya vətəndaşı olan qadından şübhələnilir; istintaq bunu rəsmən təsdiqləməyib.
Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bəri ölkənin içində hərbçilərə və müharibəni dəstəkləyən şəxslərə qarşı bir neçə sui-qəsd törədilib. Moskva belə hadisələrdə adətən Ukrayna xüsusi xidmətlərini günahlandırır, Kiyev isə çox vaxt bu ittihamlara münasibət bildirmir.
Partlayış ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin müharibənin dayandırılması üçün Vladimir Putinlə danışıqlar aparmaq məqsədilə Moskvaya gəldiyi gün baş verib.


