Rusiya Federasiya Şurasının sədri: Ermənistan KTMT-dən çıxsa, çox şey itirəcək
Valentina Matviyenko. Rusiya Dövlət Duması, CC BY 4.0, Wikimedia CommonsRusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa qərar verərsə, “çox şey itirəcək”. Matviyenko bunu Vyetnama səfərinin yekunları barədə jurnalistlərlə danışarkən deyib.
“Bundan sonra KTMT-də üzvlüyü saxlayıb-saxlamamaq Ermənistanın hüququdur. Düşünürəm ki, əks halda Ermənistan çox şey itirəcək”, - o bildirib.
Matviyenko Ermənistanla Azərbaycan arasındakı müharibə dövründə Yerevanın KTMT-dən narazılığını “əsassız inciklik” adlandırıb: “Bu, Qarabağa görə məsuliyyəti Rusiyanın, KTMT-nin üstünə atmaq cəhdidir. Həmin şəraitdə KTMT ciddi şəkildə nizamnamə sənədlərinə uyğun hərəkət edib”. Paşinyan hökuməti KTMT-ni 2021-2022-ci illərdə Azərbaycanla sərhəd toqquşmalarında müttəfiq öhdəliklərini yerinə yetirməməkdə ittiham edir.
Rusiya rəsmisi Ermənistanın Avropa İttifaqına üzvlük istəyinin Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaqla bir araya sığmadığını da deyib: “Bu barədə bütün liderlər açıq danışır ki, belə olan halda seçim edilməlidir”.
Noyabrın 11-də Moskvada keçirilən KTMT sammitində Ermənistan təşkilatda səsvermə hüququndan və rəhbər vəzifələrə nümayəndə təyin etmək imkanından məhrum edilib. Yerevan 2024-cü ildə KTMT-də iştirakını “dondurduğunu” elan etmişdi.


