Sahibkar: Vergi dəyişikliyindən sonra kəndlinin 1000 manatlıq almasından 20 manat tutula bilər
Foto: Tərxan Paşazadə, CC BY-SA 4.0, Wikimedia CommonsAzərbaycanda kənd təsərrüfatı istehsalçılarının 2001-ci ildən bəri qüvvədə olan tam vergi azadolmasının ləğvi təklifi kiçik təsərrüfat sahiblərinin narazılığına səbəb olub. Sahibkar Vəli Əliyev Facebook-da yazıb ki, dəyişiklik vergini “kəndlinin həyətinə qədər” gətirir: həyətindəki ağaclardan yığdığı almanı tədarükçüyə 1000 manata satan kəndlidən 20 manat vergi tutula bilər.
“Meydan TV” xəbər verir ki, kiçik fermerlər xərclərin ildən-ilə artdığını, keyfiyyətli gübrə və toxum tapmaqda, əkin-biçin mövsümündə texnika əldə etməkdə çətinlik çəkdiklərini deyirlər. Onların sözlərinə görə, iqlim və su çatışmazlığı məhsuldarlığı salır, məhsul isə ucuz alınır, tam vergi azadolması belə ilboyu dolanmağa yetmirdi.
Vəli Əliyevin hesablaması Vergi Məcəlləsinin iki maddəsinə əsaslanır. 102.1.11-ci maddədə tam azadolma 90 faizlik güzəştlə əvəz olunur. 101.6-cı maddə isə vergi orqanında uçotda olmayan fiziki şəxslərin müəyyən malların satışından əldə etdiyi gəlirdən 2 faiz vergi tutulmasını nəzərdə tutur. İndiyədək məhsulu özü istehsal edən kəndlinin gəliri vergidən azad olduğu üçün bu 2 faiz ona tətbiq edilmirdi. “Özü də kəndlinin nə qədər xərc çəkdiyinin, nə qədər qazandığının heç bir əhəmiyyəti yoxdur. Vergi mənfəətdən deyil, satış məbləğindən hesablanır”, - deyə sahibkar yazıb.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli isə dəyişikliyi aqrar sektordakı güzəştlərin təhlili və sektorun inkişaf səviyyəsi ilə izah edib. Onun sözlərinə görə, 2027-ci il yanvarın 1-dən beş il müddətinə istehsalçıların gəlir və ya mənfəətinin yalnız 10 faizi ümumi qaydada vergiyə cəlb olunacaq, sadələşdirilmiş vergi üzrə tam azadolma daha beş il uzadılacaq, kökəltmə üçün heyvan idxalı isə üç il ƏDV-dən azad ediləcək. Xidmətin hesablamasına görə, aqrar sektora aid dəyişikliklər 2027-ci ildə büdcəyə 14,1 milyon manat gətirəcək.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə kənd təsərrüfatında fəaliyyət göstərən 1060 müəssisədən 825-i mənfəətlə, 77-si zərərlə işləyib. Bir ildə mənfəətlə işləyənlərin sayı 4,8 faiz azalıb, zərərlə işləyənlərin sayı 16,7 faiz artıb. Fərdi sahibkar təsərrüfatlarının sayı isə 21,6 faiz azalaraq 577-yə enib.
“Meydan TV”nin istinad etdiyi iqtisadçılara görə, gəlir və xərclərin uçotu, qeydiyyat və bəyannamə kiçik fermerlər üçün çətin prosedura çevrilə, onları bu sahəni tərk etməyə məcbur edə bilər. Hökumət eyni vaxtda kiçik təsərrüfatların səmərəsiz olduğunu əsas gətirərək Torpaq Məcəlləsinə torpaqların konsolidasiyası, yəni birləşdirilməsi barədə dəyişiklik təklif edir. Ekspertlər yeni vergi qaydalarının 5 hektardan az torpağı olan kəndliləri buna razılıq verməyə məcbur edə biləcəyini deyirlər.


