Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan COP31-də təmiz enerji sazişi imzalayıb

Foto: canonim, CC BY 2.0, Wikimedia Commons
10-11-2026 15:28

BMT-nin Antalyada keçirilən iqlim konfransı COP31 çərçivəsində Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyə hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, sənədə nazir Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika naziri İva Petrova imza atıb.

Saziş dörd ölkəni birləşdirəcək yaşıl enerji dəhlizinin qurulmasına və elektrik enerjisi ötürmə marşrutlarının şaxələndirilməsinə aiddir. Tərəflər təmiz elektrik enerjisinin ötürülməsi və təchizatı üzrə əməkdaşlıq edəcək, fasiləsiz ötürmə üçün şərtləri müəyyənləşdirəcək, layihə çərçivəsində fiber-optik rabitəni də təkmilləşdirəcək.

Nazirlik bildirir ki, təşəbbüs Azərbaycanda bərpa olunan mənbələrdən alınan elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixracına, ölkənin “regionlararası elektrik enerjisi qovşağına” çevrilməsinə kömək edəcək.

Yayılan məlumatda layihənin dəyəri, işlərin başlama vaxtı və nə qədər elektrik enerjisinin ötürüləcəyi göstərilməyib.

Digər xəbərlər