Azərbaycanda banklar balansdan sildikləri gecikmiş kreditləri artıq 10 faizlik limitin hesabından çıxara bilməyəcək
Foto: Infopro Digital Services Limited, CC BY-SA 4.0, Wikimedia CommonsAzərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun sentyabrın 15-də imzaladığı qərar noyabrın 10-da qüvvəyə minib. Qərara görə, “davranış modeli” əsasında verilən kreditlər üzrə 90 gündən çox gecikmiş borclar hesablanarkən bankın son 12 ayda balansından sildiyi belə kreditlər də nəzərə alınacaq.
Mövcud qaydaya əsasən, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda nəzərdə tutulan davranış modeli ilə verilmiş bütün kredit tələblərinin ümumi məbləği əvvəlki hesabat ayının sonuna bankın kredit portfelinin 10 faizindən çox ola bilməz.
Yeni qərarla bu üsulla verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin qalıq məbləği də eyni 10 faizlik həddə bağlanıb. Bu məbləğ, son 12 ayda balansdan silinmiş kreditlərlə birlikdə, kredit portfelinin 10 faizinə çatsa, bank davranış modeli ilə kredit verməni dayandırmalıdır. Hesablama istehlak, biznes və digər kredit növləri üzrə ayrı-ayrılıqda aparılacaq.
Dəyişikliyin mənası budur ki, bank problemli krediti balansından silməklə onu bu limitin hesablanmasından kənarda saxlaya bilməyəcək. Noyabrın 10-da Mərkəzi Bankın nisyə mal satan sahibkarlara verilən kreditlər üçün müəyyən etdiyi yeni yoxlama meyarı da qüvvəyə minib.


