“Azadlıq Radiosu”: İranda etirazçılara 10 ölüm hökmünü iclaslarda olmayan hakim çıxarıb, işgəncə sözü protokoldan silinib

İllüstrativ foto: İranda edamlara qarşı xaricdə keçirilən aksiya, Johnny Silvercloud, Public domain, Wikimedia Commons
08-11-2026 19:27

İsfahanda yanvar etirazları ilə bağlı 10 nəfərə ölüm hökmü çıxarılan qapalı məhkəmə prosesində təqsirləndirilənlərin işgəncədən danışdığı, hökmləri isə iclaslarda iştirak etməyən hakimin verdiyi iddia olunur.

Azadlıq Radiosunun fars xidməti “Radio Fərda” prosesi yaxından bilən üç mənbəyə və əldə etdiyi məhkəmə sənədlərinə istinadən yazır ki, işə hakimlər Mörtəza Bərati və Məhəmmədrza Təvəkkoli baxıb, hökmləri isə iclaslarda olmayan hakim Mahmud Kazımzadə və məsləhətçi Məhəmməd Vəkil çıxarıb. Mənbələrin adı təhlükəsizlik səbəbi ilə açıqlanmayıb. “Radio Fərda”nın danışdığı üç hüquqşünas deyir ki, hökmü işə baxan hakimlər verməyibsə, bu, İran qanunlarının pozulmasıdır.

İş yanvarın 8-də İsfahanda etirazlar zamanı İnqilab Keşikçiləri Korpusunun polkovniki Abbas Kamraninin və evsiz bir kişinin öldürülməsi ilə bağlıdır. Təqsirləndirilənlərə “moharibə” (“Allaha qarşı müharibə”), dövlət əmlakını məhv etmək və rejim əleyhinə təbliğat ittihamları irəli sürülüb.

Sənədlərə görə, hökmlərdə təqsirləndirilənlərin etirafları əsas götürülüb. Halbuki onlar məhkəmədə etiraflarından imtina edib, bu ifadələrin döyülmə, elektrik şoku və zorlama hədəsi ilə alındığını deyiblər. Mənbələrin sözlərinə görə, hakim Bərati “işgəncə” sözünün işlədilməsini qadağan edib və onu protokoldan sildirib. Mənbələr iclaslarda üzü maskalı 12 kişinin oturduğunu, təqsirləndirilənlərin onların müstəntiqləri olduğunu dediyini bildirirlər. Vəkillərin buna etirazı nəticəsiz qalıb.

Ölümə məhkum edilənlər arasında Tərane Rəhimi də var, onun əkiz bacısı Romina Rəhimi isə ailənin sözlərinə görə, 25 il həbs cəzası alıb. Mənbələrə görə, ittiham tərəfinin Romina Rəhimiyə qarşı sübut kimi göstərdiyi videoda ona aid edilən hərəkət görünmür.

İran məhkəmə orqanları noyabrın 8-də yanvar etirazları zamanı Kərəcdə saxlanılan daha üç nəfərin - Həsən Divbəndin, Həmid Kazıminin və Rza Zənganənin edam edildiyini açıqlayıb. “Amnesty International” insan haqları təşkilatı oktyabrda bildirmişdi ki, İran hakimiyyəti ölüm cəzasından etiraz edənləri qorxutmaq üçün istifadə edir.

Digər xəbərlər