Putinin nümayəndələri ilə danışıqlardan əvvəl Trampın kürəkəni: Sülh üçün Rusiya ilə Avropa birbaşa danışmalıdır

Arxiv foto: U.S. Embassy Jerusalem, CC BY 2.0, Wikimedia Commons
09-11-2026 18:40

ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner noyabrın 9-da X sosial şəbəkəsində yazıb ki, Ukraynada hərtərəfli və uzunmüddətli nizamlanma üçün Rusiya ilə Avropa ölkələri arasında daha geniş təhlükəsizlik məsələlərinə dair birbaşa təmas da lazım olacaq.

Kuşnerin sözlərinə görə, noyabrın 10-da Əbu-Dabidə başlayacaq iki günlük Rusiya-ABŞ-Ukrayna danışıqlarından əvvəl o və xüsusi nümayəndə Stiv Uitkoff Ukrayna, Avropa İttifaqı, NATO, Almaniya, Fransa, Böyük Britaniya və İtaliya təmsilçiləri ilə görüşəcək. Görüşün mövzusu Avropanın təhlükəsizliyi və müharibədən sonrakı Ukraynanın gələcəyi olacaq.

“Euronews” telekanalı xəbər verir ki, Əbu-Dabidə NATO Baş katibinin aparat rəhbəri Ceffri van Leuven, Fransa, Almaniya və Böyük Britaniyanın milli təhlükəsizlik müşavirləri də olacaq. Avropa İttifaqının heyətinə Avropa Komissiyası sədrinin aparat rəhbəri Byorn Zaybert və Aİ Şurası sədrinin xarici siyasət üzrə baş müşaviri Mariya Bura rəhbərlik edəcək.

Putinin sözçüsü Dmitri Peskov isə avropalıların ABŞ və Ukrayna ilə öz koordinasiya mexanizmini qurduğunu, Əbu-Dabidə məhz üçtərəfli danışıqların planlaşdırıldığını deyib. Kuşner də avropalılarla görüşün üçtərəfli danışıqlardan ayrı keçiriləcəyini yazıb.

Kremlin məlumatına görə, Rusiya heyətinə sabiq mədəniyyət naziri Vladimir Medinski rəhbərlik edəcək, tərkibdə diplomat Mixail Qaluzin və kəşfiyyat rəisi İqor Kostyukov da var. Ukrayna heyətinə Rüstəm Umerovun başçılıq edəcəyi, tərkibdə prezident ofisinin rəhbəri Kirill Budanovun da olacağı bildirilir.

Rusiya Ukrayna ərazisinin təxminən 20 faizini işğal altında saxlayır, Moskva Kiyevdən Donbasda hələ nəzarətində olan yerlərdən də çıxmağı tələb edir. Ukrayna parlamentinin üzvü Oleksandr Merejko “Al Jazeera”ya danışıqlardan real irəliləyiş gözləmədiyini deyib: “Putinin ciddi danışıqlar aparmaq niyyəti ümumiyyətlə yoxdur”.

Digər xəbərlər