“The Guardian”: Rusiya statistika idarəsindən sızan sənədlərə görə, Putinin Ukraynada başlatdığı müharibədə 400 mindən çox rusiyalı ölüb
Arxiv foto: kremlin.ru, CC BY 4.0, Wikimedia CommonsRusiya Dövlət Statistika Xidmətindən (Rosstat) sızan məlumatlara görə, Vladimir Putinin 2022-ci ilin fevralında Ukraynaya başlatdığı genişmiqyaslı müharibədə 400 mindən çox rusiyalı həlak olub. Bazadakı 412 min 576 ölüm şəhadətnaməsində ölüm birbaşa müharibə ilə əlaqələndirilir: ya rəsmi ölüm səbəbi kodu ilə, ya da döyüşlərə və hərbi əməliyyatlara yazılı istinadla.
“The Guardian” qəzeti yazır ki, 11 milyondan çox ölüm şəhadətnaməsindən ibarət baza Belarus müxalifəti ilə əlaqəli “Kiber Partizanlar” və Ukrayna haker qrupu “Silent Crow” tərəfindən əldə edilib, sonra qəzetlə və bir neçə başqa media ilə bölüşülüb. Rosstat sındırıldığını təsdiqləyib, amma həssas məlumatların ələ keçirildiyini inkar edib. Qəzet bazanın tam həqiqiliyini müstəqil yoxlaya bilmədiyini, rəqəmlərin isə digər hesablamalara ümumən uyğun gəldiyini bildirir.
Moskva müharibənin ilk aylarından bəri itki sayını açıqlamır, hərbi itkilər dövlət sirri sayılır. Britaniya kəşfiyyatı sentyabrda ölən Rusiya hərbçilərinin sayını təxminən 500 min kimi qiymətləndirib. Müstəqil Rusiya mediası “Mediazona” isə 286 minə yaxın hərbçinin adını müəyyən edib və real sayın yarım milyona yaxın olduğunu hesab edir.
Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun Rusiya və Avrasiya bölməsinin rəhbəri Yanis Kluqe məlumatların həqiqi göründüyünü, bunun Rusiya itkiləri ilə bağlı ən böyük sızma olduğunu deyib. Onun sözlərinə görə, ölümlərin qeydiyyata düşməsi təxminən altı ay gecikir: “Yəqin ki, bu anda ölən Rusiya hərbçilərinin sayı 400 mindən çox 500 minə yaxındır”.
Kluqe 2024-cü ilin sonu və 2025-ci ildə bir çox ayda ölənlərin sayının 15 mini keçdiyini, bunun gündə 500-dən çox adam demək olduğunu bildirib. Sənədlərə görə, müharibənin başlanğıcından 2024-cü ilin ortasına qədər Buryatiya, Tuva və Zabaykalye diyarında 18-49 yaşlı kişilərin bütün ölümlərinin təxminən üçdə biri müharibə ilə bağlı olub. Moskva və Sankt-Peterburqda bu göstərici təxminən 10 faizdir.
“The Guardian”ın Putinin düşüncə tərzinə bələd olduğunu dediyi mənbənin fikrincə, itkilər Moskvanı sazişə yaxınlaşdırmır: “Putin bu rəqəmləri başa düşür. İndi istədiyi hər şeydən azına razılaşmaq onun üçün özünə və xalqa xəyanət kimi olardı”. Rusiya və Ukrayna nümayəndələri noyabrın 10-da Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə son doqquz ayda ilk dəfə danışıqlar aparacaq.


