Trampın elçisi: Putin Avropanın Ukrayna danışıqlarına qoşulmasına razıdır, Kreml bunu təsdiqləməyib

Arxiv foto: US Mission to the European Union, Public domain, Wikimedia Commons
13-11-2026 05:39

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi və kürəkəni Cared Kuşner deyib ki, Rusiya və Ukrayna danışıqların növbəti mərhələsinə Avropa ölkələrinin də qatılmasına razılıq verib. Kuşner və digər elçi Stiv Uitkoff əvvəlcə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, sonra Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.

“Avropalılar masa arxasında olmadan bu sazişi bağlaya bilmərik”, - Kuşner bildirib. Onun sözlərinə görə, Putin bunu “sınamağa hazırdır”. Kreml isə Putinin Avropanı gələcək danışıqlara daxil etməyə razılıq verdiyini təsdiqləməyib. Moskva uzun müddətdir Avropanın danışıqlarda iştirakına soyuq yanaşır.

BBC xəbər verir ki, Putin elçilərlə görüşdə Rusiyanın müharibəyə dair mövqeyinin, o cümlədən ərazi tələblərinin dəyişmədiyini deyib. Rusiya qoşunları hazırda Ukrayna ərazisinin təxminən beşdə birinə nəzarət edir.

Kuşner X sosial şəbəkəsində yazıb ki, ABŞ müharibənin ən böyük əsir mübadiləsi üzərində işləyir və bu mübadilə minlərlə insanı ailəsinə qovuşdura bilər. Neçə nəfərin dəyişdiriləcəyi və tarix açıqlanmayıb. Rusiyanın dövlət agentliyi TASS mübadilənin iki-üç həftəyə baş tuta biləcəyini yazıb.

Zelenski deyib ki, avropalılar Əbu-Dabidəki kimi kənarda qalmayacaq, danışıqların özündə iştirak edəcək: “Onların səsi olacaq”. AFP agentliyinə danışan Aİ rəsmisinin sözlərinə görə, beş Avropa paytaxtının və Avropa Komissiyasının nümayəndələri də ABŞ elçiləri ilə görüşüb, yeni çoxtərəfli görüşün tarixi tezliklə müəyyən ediləcək. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə Rusiyanın sülh sazişinə doğru getdiyinə şübhə ilə yanaşdığını bildirib.

Görüşdən əvvəl Zelenski Ukrayna ordusunun son günlər “SpaceX” şirkətinin hərbi peyk rabitəsi xidməti olan “Starshield”də bütün cəbhə boyu ciddi fasilələrlə üzləşdiyini demişdi. Onun sözlərinə görə, bu səbəbdən Ukrayna Rusiyanın reaktiv mühərrikli dronlarını vurmaqda çətinlik çəkir.

Digər xəbərlər