Britaniya Putinə təzyiqi artırır: Rusiyanın 10 ən iri neft şirkətinin hamısı sanksiyaya düşüb
Britaniyanın Baş naziri Endi Börnhem. Prime Minister’s Office, OGL 3, Wikimedia CommonsBöyük Britaniya noyabrın 12-də Rusiyanın neft sektoruna qarşı yeni sanksiyalar elan edib. Britaniya hökumətinin açıqlamasına görə, bununla London Rusiyanın 10 ən iri neft hasilatçısının hamısına məhdudiyyət tətbiq edən ilk ölkə olub.
Sanksiyaları Dublində “Avropa Siyasi Birliyi”nin zirvə toplantısında Britaniyanın Baş naziri Endi Börnhem açıqlayıb. “Ukraynada sülh danışıqları irəliləyib, amma indi arxayınlaşmaq vaxtı deyil. Rusiyanın tam və dərhal atəşkəsə razılaşması üçün ona təzyiqi artırmalıyıq”, - Börnhem deyib. Onun ofisinin məlumatına görə, Baş nazir toplantıda iştirak edən 50-yə yaxın ölkənin liderlərini də Putinə təzyiq göstərməyə çağırıb.
Yeni siyahıda “Rosneft”in Arktikadakı “Vostok Oil” layihəsi, “Slavneft” neft şirkəti, “Kuzbassrazrezuqol” və Sibir Kömür Enerji Şirkəti (SUEK), həmçinin BƏƏ-də qeydiyyatdan keçmiş “Forteza Trading”, “Novus Energy” və “Patera” şirkətləri var. Məhdudiyyətlər Rusiya neftini və mayeləşdirilmiş qazını daşıyan, o cümlədən “kölgə donanması” adlanan gəmiləri də əhatə edir.
Siyahıya Rusiyanın ən böyük neft-kimya holdinqi “Sibur” və onun səhmdarlarına məxsus “NİPİqazpererabotka” mühəndislik şirkəti də salınıb. “Sibur”un əsas sahibləri arasında milyarderlər Leonid Mixelson və Gennadi Timçenko, həmçinin Çinin “Sinopec” korporasiyası və İpək Yolu Fondu var. Şirkətin 2025-ci il hesabatına görə, onun gəliri 1,05 trilyon rubl, xalis mənfəəti 205,1 milyard rubl olub.
Müstəqil Rusiya nəşri “The Insider” 2024-cü ilin martında yayımladığı araşdırmada Putinin ətrafı ilə bağlı adlandırdığı “Sibur”un Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra da Avropaya məhsul satmağa davam etdiyini yazmışdı.


