Jurnalist xəstəxanadan təcridxanaya qaytarıldı
Penitensiar xidmətin Böyük Şordakı xəstəxanasında müalicə alan 7gun.az saytının baş redaktoru Cavid Şirəliyev Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasına qaytaılıb.
Bu barədə Arqument.Az-a jurnalistin anası Zahirə Şirəliyeva məlumat verib.
Onun sözlərinə görə, jurnalistin müalicəsi yarmçıq saxlanılıb və səhhətində hələ də ciddi problemlər qalmaqdadır.
Məsələ ilə bağlı Penitensiar xidmətdən məlumat ala bilmədik.
Qeyd edək ki, Cavid Şirəliyev Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü, yəni hədə-qorxu ilə tələb etmə maddələrilə təqsirləndirilir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə tanışı Orucov Asif Akif oğlu ilə qabaqcadan əlbir olaraq, 2013-cü ilin iyun ayının təxminən ortalarında Xankişiyeva Şəfiqə İsmayıl qızına məxsus mobil telefona zəng vurub, ondan icəradarı olduğu Tovuz rayon Qovlar qəsəbəsindəki "Tatar” kafesində əxlaqsızlıq yuvasının olması ilə bağlı rüsvayedici məlumatlar yayma hədəsilə 2000 manat pul tələb edib və sonuncunun 700 manat pulunu Asif Orucovla birlikdə ələ keçirib.
Cavid Şirəliyev ictimaiyyətə ünvanladığı müraciətdə isə istintaqın düzgün aparılmadığını, konkret olaraq şərləndiyini bildirib. Belə ki, onun Vergilər Nazirliyinə göndərdiyi sorğuya nazirlik rəsmi cavab verərək Tovuzda "Tatar" kafenin mövcud olmadığını bildirib. Bundan başqa, tanışı kimi qələmə verilən Asif Orucov isə həmin ərəfədə həbsdə olub. Bunu da Penitensiar Xidmət jurnalistin göndərdiyi sorğuya rəsmi cavabında təsdiqləyib.
