Türkiyə 2015-ci ildən nəzarətində saxladığı İraqdakı Başika bazasını Bağdada təhvil verməyə başlayır
İraqın Baş naziri Əli Zeydi, arxiv foto: U.S. Secretary of War, Public domain, Wikimedia CommonsTürkiyə və İraq 8 noyabrda birgə bəyanat yayıb. Bəyanatda deyilir ki, Türkiyə liderlər səviyyəsində əldə olunmuş razılaşmaya əsasən Mosul yaxınlığındakı Başika-Zilkan bazasının İraq federal hökumətinə mərhələli təhvili üçün addımlar atmağa başlayacaq.
Təhvil barədə qərar sentyabrın 23-də Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın Baş naziri Əli Zeydinin görüşündən sonra açıqlanmışdı. O zaman proses İraq silahlı qüvvələrinin Sincarda təhlükəsizliyi təmin etməsi şərtinə bağlanmışdı. Birgə bəyanat sentyabrdan bəri bu istiqamətdə irəliləyiş olduğunu göstərən ilk açıqlamadır.
Bəyanata görə, PKK-nın Sincardakı varlığının tam sona çatmasına nəzarət üçün Birgə Təhlükəsizlik Koordinasiya Komitəsi fəaliyyətə başlayacaq. Sincar İraq-Suriya sərhədində yerləşir və Ankara uzun illərdir bu ərazidə PKK-nın olmasını təhlükəsizlik problemi kimi təqdim edir.
“BBC Türkçe” yazır ki, Ankarada bu razılaşma PKK-nın silah yerə qoymasını əhatə edən proses üçün kritik sayılır. Sentyabrda isə həmin prosesdə gözlə görünən irəliləyiş olmadığı deyilirdi.
Türkiyə Başikada 2015-ci ildə Kürdüstan Bölgəsi Hökuməti ilə razılaşma əsasında yerli qüvvələrə İŞİD-ə qarşı təlim keçmək adı ilə yerləşmişdi. Bağdad bunu suverenliyinin pozulması sayaraq etiraz etmişdi. Baza 2017-ci ildə İŞİD-in, 2021-ci ildə isə İranın dəstəklədiyi silahlı qrupların hücumuna məruz qalıb. 2024-cü ildə imzalanmış anlaşma ilə bazanın idarəçiliyi İraq silahlı qüvvələrinə verilmiş və orada Türkiyə-İraq birgə təlim mərkəzi yaradılması razılaşdırılmışdı.


