Avropa Putinin təhlükəsizlik tələblərini müzakirə etmək üçün əvvəlcə Ukraynada müharibənin dayandırılmasını istəyir
Foto: Barbara Milkowska / MSZ, CC BY 3.0 pl, Wikimedia CommonsAvropa ölkələri Rusiyanın qitənin təhlükəsizlik sistemi ilə bağlı tələblərini masaya qoymazdan əvvəl Moskvanın Ukraynadakı müharibəni dayandırmasında israr edirlər.
“Bloomberg” agentliyi adı açıqlanmayan Avropa rəsmilərinə istinadən yazır ki, Avropa paytaxtları Vladimir Putinin NATO-nun Şərqi Avropadakı hərbi varlığını faktiki olaraq aradan qaldırmağa yönəlmiş tələblərini qəbuledilməz sayır. Rəsmilərin fikrincə, mövcud təhlükəsizlik sisteminin əsas məqsədlərindən biri Rusiyanın Avropa ölkələrinə mümkün hücumunun qarşısını almaqdır.
Agentliyin mənbələri deyir ki, Moskva Ukraynada müharibəni davam etdirdiyi və bir sıra mövcud razılaşmaları pozduğu halda, təhlükəsizlik arxitekturası barədə danışıqlar aparmağın mənası yoxdur.
Məlumata görə, Vaşinqton isə Rusiyanın Avropa təhlükəsizliyi ilə bağlı təkliflərinin Ukrayna üzrə sülh danışıqları ilə eyni vaxtda müzakirə olunmasını istəyir. Tramp administrasiyasının Moskva ilə razılaşma əldə etmək cəhdləri bəzi Avropa paytaxtlarında narahatlıq doğurur.
Polşanın xarici işlər naziri Radoslav Sikorski məsələyə münasibət bildirərkən Avropanın sülhdə Rusiya prezidentindən daha çox maraqlı görünməməli olduğunu deyib: “Biz sülhü Putindən çox istəməməliyik”.
Bu açıqlamalar Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə gözlənilən danışıqlardan əvvəl gəlir. Putin həmin danışıqlara köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi heyəti göndərir.


