Müdafiə Nazirliyinin keçmiş generalının qızının dələduzluq şübhəsi ilə saxlanıldığı deyilir

İllüstrativ foto. Foto: Santeri Viinamäki, CC BY-SA 4.0, Wikimedia Commons
12-11-2026 09:12

Müdafiə Nazirliyinin keçmiş rəsmisi, general-mayor Natiq Əliyevin qızı, mediator Türkər Əliyevanın saxlanıldığı bildirilir.

Hökumətyönlü “Qafqazinfo” saytı əldə etdiyi məlumata istinadən yazır ki, Türkər Əliyeva bir vətəndaşın şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub və noyabrın 11-i gecədən istintaq nəzarətindədir. Saytın yazdığına görə, ondan xüsusilə külli miqdarda dələduzluq və nüfuz alverində şübhələnilir: iddiaya görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək edəcəyini deyib bir nəfərdən böyük məbləğdə pul alıb. Prokurorluq bu barədə hələlik açıqlama verməyib, Türkər Əliyevanın özünün və ya vəkilinin münasibəti də məlum deyil.

Cinayət Məcəlləsinin 178.4-cü maddəsi 500 min manatdan çox ziyan vurulan dələduzluğu nəzərdə tutur və bu maddə ilə 10 ildən 14 ilədək həbs cəzası verilə bilər. Onun barəsində hələ məhkəmə qərarı yoxdur; təqsirləndirilən şəxs qismində cəlb olunsa, məhkəmə qarşısına çıxarılmalıdır.

Natiq Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubuna, sonra isə nazirliyin Tibb xidmətinə rəhbərlik edib. Türkər Əliyeva bundan əvvəl də mediada qalmaqallarla gündəmə gəlmişdi: o, bu yaxınlarda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşerondakı 4 saylı ərazi idarəsinin rəisi və bir əməkdaşın ona qarşı qanunsuzluq edib təhqir etdiyini iddia etmişdi. Həmin idarə rəisi sonra vəzifəsindən azad olunmuşdu.

Digər xəbərlər