Türkiyə İsraili Antalyadakı COP31 liderlər sammitinə dəvət etmədiyini açıqlayıb
Arxiv foto: Ktpkurdu, CC BY-SA 4.0, Wikimedia CommonsTürkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransının (COP31) prezidenti Murat Kurum bildirib ki, Antalyadakı konfrans çərçivəsində keçiriləcək liderlər sammitinə İsrail hökuməti dəvət edilməyib.
“Liderlərə dəvətləri ev sahibi ölkə, yəni Türkiyə göndərir. Biz İsrail hökumətini liderlər sammitinə dəvət etməmişik”, - nazir deyib.
Kurumun sözlərinə görə, hər ölkənin BMT himayəsi altında keçirilən danışıqlarda iştirak etmək, mövqeyini və layihələrini təqdim etmək hüququ var, buna görə BMT-nin təşkil etdiyi tədbirlərə bütün ölkələr dəvət olunur. Nazir əlavə edib ki, konfransın Türkiyədə keçirilməsi Ankaranın İsrailə münasibətini dəyişməyəcək.
BMT-nin iqlim konfransı noyabrın 9-dan 20-dək Antalyada keçirilir. Türkiyə 2024-cü ilin mayında Qəzzadakı müharibəyə görə İsraillə ticarəti dayandırmışdı. Azərbaycan isə 2024-cü ildə COP29-a Bakıda ev sahibliyi etmişdi.


