Respublikaçı konqresmen İran müharibəsinə görə Pentaqon rəhbərinin impiçmentinə səsvermə tələb edir
Arxiv foto: Gage Skidmore, CC BY-SA 3.0, Wikimedia CommonsABŞ Nümayəndələr Palatasının Kentukki ştatından olan respublikaçı üzvü Tomas Massi Müdafiə naziri Pit Heqsetə qarşı səkkiz maddədən ibarət impiçment sənədini palataya təqdim edib. O, bu həftə səsvermə keçirilməsini tələb edir.
“90 gündən çox Konqresin icazəsi olmadan İranda hərbi əməliyyatlar aparmaqla nazir Heqset qanunu pozur və məsuliyyətə cəlb olunmalıdır”, - Massi deyib. Konqresmen nazirin Tramp administrasiyasını tənqid edənləri qorxutduğunu, xarici liderlərin qaçırılmasında iştirak etdiyini və Konqresin müharibə səlahiyyətləri barədə qətnamələrinə məhəl qoymadığını da iddia edir.
Heqset jurnalistlərə “Bundan narahat deyilik” cavabını verib və noyabrın 10-da bu mövzuda mətbuat konfransı keçirəcəyini bildirib.
Palata spikeri Mayk Conson məsələni iki gün ərzində gündəliyə salmalıdır. Palata sənədi birbaşa səsverməyə qoya, komitəyə göndərə və ya kənara qoya bilər. Demokratların palatadakı lideri Hakim Cefris impiçmentə səs verəcəyini açıqlayıb. “BBC” yazır ki, Konqresdə çoxluq yanvara qədər respublikaçılarda qaldığı üçün bu cəhdin uğursuz olması ehtimalı böyükdür.
Bu il seçkidə uduzan Massi təxminən doqquz ay əvvəl başlayan müharibəni tənqid edən azsaylı respublikaçılardandır. “Mənim cəhdim Demokratlar gələn il Konqresə nəzarəti ələ alanda başlayacaqlarının daha yumşaq variantıdır”, - o bildirib və Trampı Senatda yeni namizədi hələ təsdiq etdirə bildiyi vaxt Heqseti əvəz etməyə çağırıb. ABŞ tarixində Nümayəndələr Palatası cəmi iki nazirə impiçment elan edib, Senat isə heç birini dəstəkləməyib.


