Vəkil: Böyrəyindən əməliyyat olunan Aynur Elgünəşi bir gün sonra təcridxanaya qaytarmaq istəyirlər

Arxiv foto: Ülviyyə Əli, Public domain, Wikimedia Commons
14-11-2026 15:50

“Meydan TV işi” üzrə 2024-cü ilin dekabrından həbsdə olan baş redaktor Aynur Elgünəşin (Qənbərova) ağır əməliyyatdan bir gün sonra yenidən Kürdəxanı İstintaq Təcridxanasına aparılması planlaşdırılır. Bunu jurnalistin vəkili Zibeydə Sadıqova noyabrın 14-də yazıb.

Vəkilin sözlərinə görə, Aynur Elgünəş noyabrın 12-də Mərkəzi Gömrük Hospitalına aparılıb, noyabrın 13-də isə böyrəyindən əməliyyat olunub. Sadıqova bildirir ki, jurnalistin bir müddət həkim və tibb bacılarının nəzarətində qalmasına ehtiyac var, lakin onlara Elgünəşin təcridxanaya qaytarılacağı deyilib.

“Fiziki məhdudiyyətli, 20 dəfə əməliyyat olunmuş, təzyiq xəstəsi olan şəxsi bir gün içində yenidən Kürdəxanıya qaytarmağın mənası nədir? Həkim müayinəsindən məhrum etməyin adı nədir?”, - vəkil yazıb.

Sadıqova həmçinin tələb edir ki, jurnalistin bədənindəki şişlərin və dərisindəki qançırların mənşəyi araşdırılsın. Onun sözlərinə görə, hospitalda çoxlu Penitensiar Xidmət əməkdaşı yerləşdirilib, əməliyyat və saxlanma şəraiti ailədən məxfi saxlanılıb, bacısı isə əməliyyatdan sonra onunla əlaqə saxlaya bilməyib.

Müdafiə tərəfi daha əvvəl Elgünəşin səhhətini əsas gətirərək onun ev dustaqlığına buraxılmasını istəmişdi, məhkəmə bu vəsatəti təmin etməyib. Jurnalist və “Meydan TV işi” üzrə həbs olunan digər əməkdaşlar ittihamları qəbul etmir, təqibi peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Penitensiar Xidmət jurnalistin nə vaxt təcridxanaya qaytarılacağı barədə hələlik açıqlama verməyib.

Digər xəbərlər