Paşinyan: Ermənistan və Türkiyə diplomatik əlaqələr qurmağa və sərhədi tam açmağa çox yaxındır

Foto: The White House, Public domain, Wikimedia Commons
14-11-2026 09:53

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin yaxın gələcəkdə tam normallaşacağına əmin olduğunu bildirib. O, bunu Dublində, İrlandiyanın Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, iki gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və hər iki tərəf irəliləyiş olduğunu qeyd edib. Baş nazir deyib ki, iki ölkə son addıma - diplomatik əlaqələrin qurulmasına və sərhədin tam açılmasına çox yaxındır.

Paşinyan eyni çıxışında Prezident İlham Əliyevlə də görüşdüyünü xatırladıb. Onun fikrincə, indi Ermənistan və Azərbaycan arasında uzunmüddətli, yekun və etibarlı sülh qurmaq üçün “çox real və tarixi şans” var və bu, onun hökumətinin əsas vəzifəsidir. Əliyev və Paşinyan noyabrın 12-də Dublində, Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində görüşərək elektrik şəbəkələrinin birləşdirilməsini və sərhəd çaylarını müzakirə ediblər.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqə yoxdur, iki ölkənin quru sərhədi 1993-cü ildən, Birinci Qarabağ müharibəsi zamanı Ankaranın Azərbaycana dəstək olaraq onu bağlamasından bəri qapalıdır. Normallaşma danışıqları 2021-ci ilin sonunda iki ölkənin xüsusi nümayəndə təyin etməsi ilə yenidən başlayıb.

Ankara uzun müddət Ermənistanla münasibətlərin tam bərpasını Bakı ilə Yerevan arasındakı sülh prosesi ilə əlaqələndirib. Rəsmi Bakı isə sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürür.

Digər xəbərlər