Vəkil: Əməliyyatdan sonra təcridxanaya qaytarılması gözlənilən Aynur Elgünəş ayaqyoluna təkbaşına gedə bilmir
Arxiv foto: Aynur Elgünəş, 2023. Ülviyyə Əli, Public domain, Wikimedia CommonsHəbsdəki “Meydan TV” baş redaktoru Aynur Elgünəşin vəkili Zibeydə Sadıqova deyir ki, böyrəyindən əməliyyat olunan jurnalistin bir müddət daimi həkim nəzarətində qalması lazımdır. Vəkilin sözlərinə görə, Elgünəşin noyabrın 15-də Mərkəzi Gömrük Hospitalından 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarılması gözlənilir.
Sadıqova “Meydan TV”yə deyib ki, əməliyyat çox ağır keçib, həkimlər onu etməkdə tərəddüd ediblər. “Onun əlilliyi var və əməliyyatdan sonra bərpa olması günlər alacaq. Aynurun baxıma ehtiyacı var. Ancaq Penitensiar Xidmət deyir ki, bir gün qalsın, biz onu Kürdəxanıya qaytaracağıq”, - vəkil deyib.
Vəkilin sözlərinə görə, jurnalistin ginekoloji və onkoloji problemləri var, təzyiqi tez-tez qalxır, ayağında qançırlar görünür. Sadıqova deyir ki, jurnalist ayaqyoluna təkbaşına gedə bilmir və dəfələrlə yıxılıb. Jurnalist noyabrın 12-də hospitala köçürülüb, ertəsi gün böyrəyindəki 18 millimetrlik daşa görə əməliyyat olunub.
Hüquqşünas Yalçın İmanov “Meydan TV”yə bildirib ki, həbsdə saxlananların müayinəsi, müalicəsi və bərpası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin vəzifəsidir. Onun sözlərinə görə, həbsdəki şəxs vəziyyəti yaxşılaşandan sonra həbs yerinə qaytarılır, köçürmə zamanı isə müalicə aparan həkimin rəyi, müayinə nəticələri, xəstəliyin gedişi və müalicənin əvvəlki saxlanma yerində davam etdirilməsinin mümkün olub-olmadığı nəzərə alınmalıdır.
Aynur Elgünəş 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə bir qrup jurnalistlə birgə həbs edilib. Onlara qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq ittihamı verilib, jurnalistlər ittihamı rədd edir və təqibi peşə fəaliyyətləri ilə əlaqələndirirlər. İş üzrə 12 nəfər həbsdədir, məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Müdafiə tərəfi daha əvvəl səhhətinə görə Elgünəşin ev dustaqlığına buraxılmasını istəmişdi, məhkəmə bu vəsatəti təmin etməyib.
Penitensiar Xidmət vəkilin dedikləri barədə hələlik açıqlama verməyib.


