Son dəqiqə:

AXCP fəalı: Hicab qadağasına etiraza görə həbs edilən partiya üzvü 15 gündən çoxdur müayinə olunmur, ailəsi ilə görüşə buraxılmır

İllüstrativ foto: Currielin, CC BY-SA 4.0, Wikimedia Commons
02-11-2026 19:18

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin sədr müavini Gülnarə Rəhimova sosial şəbəkədə yazıb ki, partiya üzvü Mətanət Turan Kürdəxanı İstintaq Təcridxanasında mütəmadi psixoloji təzyiq görür.

Rəhimovanın yazdığına görə, tromboz və ginekoloji xəstəliklərdən əziyyət çəkən Turan 15 gündən çoxdur tibbi müayinədən keçirilmir, dəfələrlə verilən vədlərə əməl olunmur. Ailə görüşünə də icazə verilmədiyini bildirən Rəhimova yazır ki, təcridxana rəisi məsuliyyəti müstəntiqin üzərinə atır, müstəntiq isə belə məhdudiyyət qoymadığını deyir.

Meydan TV məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənə bilmədiyini yazır.

Turan oktyabrın 13-də hicab qadağasına qarşı aksiyada saxlanılıb. Əvvəlcə barəsində ev dustaqlığı seçilib, prokurorluğun protestindən sonra oktyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi bu qərarı dəyişib və onun barəsində iki aylıq həbs seçib. Ona Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər) ilə ittiham verilib.

Nazirlər Kabineti sentyabrın 21-də məktəbli forması, oktyabrın 6-da isə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləyib. Qərarlarda hicabın adı çəkilməsə də, hicablı şagird və müəllimlərin məktəbə buraxılmaması narazılıq yaradıb. Daxili İşlər Nazirliyi oktyabrın 12-də bu etirazlarla əlaqədar 37 nəfərin həbs edildiyini açıqlayıb və onların ictimai qaydanı pozmağa cəhd etdiklərini iddia edib.

Digər xəbərlər