Rusiya XİN: Ukraynaya yerləşdirilən Avropa qoşunları Rusiya ordusu üçün “qanuni hədəf” olacaq

Foto: council.gov.ru, CC BY 4.0, Wikimedia Commons
07-11-2026 18:12

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyir ki, Ukraynada yerləşdiriləcək istənilən xarici hərbi bölmə Rusiya Silahlı Qüvvələri tərəfindən “qanuni hədəf” sayılacaq. Bu, nazirliyin saytında yayılan şərhində deyilir.

Zaxarova xarici qoşunların istər “könüllülər koalisiyası” adı ilə, istərsə də başqa birlik çərçivəsində Ukraynaya göndərilməsini “qəti qəbuledilməz” adlandırıb. Onun sözlərinə görə, belə addım “faktiki hərbi müdaxilə” olardı və gərginliyin artmasına görə məsuliyyət onu atanların üzərinə düşəcək.

Ukraynanı dəstəkləyən Avropa ölkələrinin “könüllülər koalisiyası” ilk genişmiqyaslı təlimlərini 9-22 noyabrda Polşada keçirəcək. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə 11 ölkədən təxminən 2800 hərbçi iştirak edəcək.

Zaxarova ayrıca şərhində təlimlərin Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə bərpa olunacaq danışıqlar ərəfəsində başlamasını “simvolik” adlandırıb və bunun avropalıların danışıqlar masasında “işi olmadığını” göstərdiyini deyib. Onun iddiasına görə, London və Paris Ukraynada “çoxmillətli qüvvələr” yerləşdirməklə Rusiyaya qarşı mövqe saxlamaq istəyir.

Koalisiya ölkələri əvvəllər qoşunların Ukraynaya yalnız atəşkəs və ya sülh sazişindən sonra, təhlükəsizlik zəmanəti kimi göndərilə biləcəyini deyiblər.

Digər xəbərlər