Bakıda sərnişin daşıyan şirkət 150 elektrik avtobus almaq üçün tender elan edib
Bakıda şəhər avtobusu. Arxiv foto: Asif Masimov masimovasif.net, CC BY-SA 3.0, Wikimedia Commons“Xaliq Faiqoğlu” MMC 150 tam elektrik mühərrikli şəhər avtobusunun alınması üçün açıq tender elan edib. Şirkətin yaydığı məlumata görə, avtobuslar 2027-2028-ci illər ərzində alınacaq.
Tenderdə uzunluğu 10, 12 və 18 metr olan avtobuslar üçün təklif gözlənilir. Yerli və xarici istehsalçılar, onların rəsmi nümayəndələri və təchizatçı şirkətlər iştirak edə bilər.
Təkliflər avtobusların texniki göstəriciləri, batareya tutumu, enerji sərfi, qiyməti, çatdırılma müddəti, zəmanət şərtləri və servis imkanları əsasında qiymətləndiriləcək.
Şirkət layihəni Azərbaycanda fəaliyyət göstərən yerli və xarici banklar, eləcə də digər maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində maliyyələşdirməyi nəzərdə tutduğunu bildirib. Avtobusların ümumi dəyəri açıqlanmayıb.
Təkliflərin qəbulu 27 fevral 2027-ci il saat 12:00-da başa çatır. Bu müddətdən sonra gələn təkliflər açılmadan geri qaytarılacaq.


