Tramp: Rusiyanın müharibəsini bitirəcək razılaşmadan sonra Ukrayna “bir az fərqli formada” olacaq

Arxiv foto: Benjamin D Applebaum, Public domain, Wikimedia Commons
09-11-2026 03:00

ABŞ prezidenti Donald Tramp “CBS” televiziyasının “60 Minutes” proqramına müsahibəsində Rusiya ilə Ukrayna arasında sülh razılaşmasının əldə olunacağını deyib və bunun Ukraynanın sərhədlərini dəyişə biləcəyinə işarə edib. “Düşünürəm ki, bunu başa çatdıracağıq, bu baş verəcək və onlar bir az fərqli formada Ukrayna ilə qalacaqlar”, - Tramp noyabrın 8-də yayımlanan müsahibədə deyib. O, hansı ərazilərin nəzərdə tutulduğunu izah etməyib.

Ukrayna indiyədək Rusiyaya ərazi güzəştinə getməyəcəyini bildirib, amma Rusiya qoşunlarının işğal etdiyi torpaqlarda müvəqqəti qalması şəraitində atəşkəsə hazır olduğunu da göstərib. “Əlbəttə, Rusiya ərazilərdən əl çəkməyimizi tələb edir. Biz heç nə vermək istəmirik. Uğrunda döyüşdüyümüz budur”, - prezident Volodimir Zelenski deyib.

Tramp daha əvvəl Rusiya ilə təkcə Ukrayna müharibəsini yox, “bütün Avropanı” əhatə edəcək “çox böyük” razılaşma proqnozlaşdırıb. Onun kürəkəni və elçisi Cared Kuşner isə ABŞ-nin Avropa üçün daha geniş təhlükəsizlik sistemi üzərində işlədiyini deyib. Avropa ölkələri Kiyevin əlverişsiz şərtləri qəbul etməyə məcbur ediləcəyindən narahatdır.

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələrinin üçtərəfli görüşü noyabrın 10-11-nə planlaşdırılıb. Dövlət katibi Marko Rubio jurnalistlərə deyib ki, Kuşner və xüsusi elçi Stiv Uitkoffun iştirak edəcəyi görüşdə müəyyən irəliləyiş ola bilər. Eyni günlərdə G7 ölkələrinin xarici işlər nazirləri Parisdə toplaşır, Avropa nazirlərinin Vaşinqtondan Ukrayna üçün ədalətli həll tələb edəcəyi gözlənilir.

Rusiya isə danışıqlardan əvvəl Ukraynanın energetika obyektlərinə zərbələri davam etdirir. Dnepropetrovsk vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Hanja bildirib ki, işıqsız qalan 600 minə yaxın insana elektrik verilməsi üçün iş gedir, xəstəxanalar dizel generatorlara keçib. Zelenskinin sözlərinə görə, Jitomir vilayətində Rusiyanın zərbəsi nəticəsində 140 yaşayış binası istiliksiz qalıb.

Digər xəbərlər