Rusiya rəsmisi Ermənistana: Əvvəl xalqdan soruşun, sonra Aİ-yə müraciət edin
Arxiv foto: G20 Argentina, CC BY 2.0, Wikimedia CommonsRusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Ermənistan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendumu Brüsselə rəsmi müraciətdən əvvəl keçirməlidir.
“Əvvəl referendum keçirib xalqdan soruşmaq, sonra Brüsselə rəsmi müraciət etmək lazımdır, əksinə yox”, - Pankin Rusiyanın dövlət agentliyi TASS-a müsahibəsində deyib.
Rusiya rəsmisinin sözlərinə görə, Nikol Paşinyan hökumətinin Aİ ilə yaxınlaşma kursu Avrasiya İqtisadi İttifaqının iqtisadi üstünlüklərindən başqa bir inteqrasiya blokuna keçidi təbliğ etmək üçün istifadə olunması ilə nəticələnib. Pankin Ermənistanın üzvlüyünün dayandırılmasını “son çarə” adlandırıb və bunun Yerevanın digər üzvlərin narahatlıqlarını aradan qaldırmasından asılı olduğunu deyib. Onun sözlərinə görə, Moskvaya Yerevandan hələlik konstruktiv siqnal gəlməyib.
Pankinin xatırlatdığı hesabatı Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan hökumətləri hazırlayıb. Sənəddə iddia olunur ki, Ermənistanın üzvlüyü dayandırılsa, ölkənin ÜDM-i 15,6 faiz azala, inflyasiya 14,9 faiz bəndi arta, qazın qiyməti 69 faiz yüksələ bilər.
Paşinyan bu ilin iyulunda referendumu rəsmi müraciətdən əvvəl keçirməyi məntiqsiz adlandırmışdı. Noyabrın əvvəlində isə o, Ermənistanın 2027 və ya 2028-ci ildə Aİ-yə müraciət edə biləcəyini, eyni vaxtda həm Aİ-də, həm də Avrasiya İttifaqında qalmağın mümkün olmadığını demişdi. Rusiyanın Ermənistandakı səfiri də bu həftəsonu Yerevanın iki blok arasında seçim etməli olduğunu bildirmişdi.


