Putinin Moskvada keçirdiyi KTMT sammitində Ermənistan səsvermə hüququndan məhrum edilib
Foto: Official website of the President of Russia, CC BY 4.0, Wikimedia CommonsKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Vladimir Putinin ev sahibliyi etdiyi Moskva sammitində Ermənistan təşkilatda səsvermə hüququndan məhrum edilib. Kremlin saytında dərc olunan sənədlər arasında Kollektiv Təhlükəsizlik Şurasının “KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistan Respublikasına tətbiqi haqqında” qərarı da var.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ermənistan bir neçə ildir öhdəliklərini yerinə yetirmədiyi üçün ölkənin həm səsvermə hüququndan, həm də təşkilatın rəhbər vəzifələrinə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsinə qərar verilib.
KTMT-nin baş katibi Taalaybek Masadıkov bildirib ki, Ermənistan son üç ildə üzvlük haqlarını ödəməyib, katibliyə və Birləşmiş Qərargaha əməkdaş göndərməyib, iclaslarda iştirak etsə də, müzakirələrə qatılmayıb. Onun sözlərinə görə, Ermənistanın təşkilatdan çıxarılması məsələsi gündəmdə olmayıb: “Ermənistan borcunu ödəməyə qərar verən kimi işdə tam iştiraka bərpa oluna bilər. Qərar Ermənistan rəhbərliyinindir”.
Ermənistan 2024-cü ildə, Dağlıq Qarabağ Azərbaycanın nəzarətinə keçəndən və orada yaşayan ermənilər bölgəni tərk edəndən sonra KTMT-dəki üzvlüyünü dondurub. Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəllər demişdi ki, Yerevan özünü artıq faktiki olaraq təşkilatdan kənarda sayır və KTMT onu üzvlükdən çıxarsa, buna “şad olar”, çünki bu, onları “çıxmaq, ya çıxmamaq” dilemmasından qurtarar.
Paşinyan sammitə qatılmayıb və həmin gün Türkiyənin Antalya şəhərində olub. Ermənistan son illər Avropa İttifaqı ilə yaxınlaşma xəttini davam etdirir; Moskva isə bu fonda Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünü də sual altına qoyub. Yerevanın qərara rəsmi reaksiyası hələlik açıqlanmayıb.


