Bakıda doğulmuş Harri Kasparov Rusiyanın onu öldürməyə çalışdığını deyərək Berlin səfərindən imtina edib
Arxiv foto: Gage Skidmore, CC BY-SA 2.0, Wikimedia CommonsRusiya müxalifətçisi, 13-cü dünya şahmat çempionu Harri Kasparov həyatına təhlükə olduğu barədə xəbərdarlıqdan sonra Berlinə səfərini ləğv edib. O, “Berlin Azadlıq Həftəsi” tədbirində çıxış etməli idi, amma iştirakçılara video müraciət göndərib.
Almaniyanın “Bild” qəzeti yazır ki, səfərin ləğvinə xüsusi xidmət orqanlarının xəbərdarlığı səbəb olub. Kasparov müraciətində Rusiyanın onu öldürməyə çalışdığı barədə xəbərləri xatırladıb və təhlükəsizlik məsələləri ilə məşğul olan insanların ona Berlinə getməməyi təkidlə tövsiyə etdiyini deyib.
Kasparov Avropa hakimiyyətlərini Rusiyaya qarşı kifayət qədər addım atmamaqda tənqid edib. Onun sözlərinə görə, avropalı siyasətçilər qitənin Vladimir Putin üçün “oyun meydançasına” çevrilməsinə yol veriblər. Müxalifətçi deyib ki, Putin ona burada çata bilirsə, hər kəsə çata bilər.
İspaniyanın “El Mundo” qəzeti sentyabrın sonunda yazmışdı ki, Rusiya hakimiyyəti bir neçə ay ərzində Kasparovu ABŞ-də öldürməyi planlaşdırıb. ABŞ hakimiyyəti isə Moskvanın göstərişi ilə rusiyalı “dissidentlərə” sui-qəsd hazırlayan beş nəfərlik qrupu üzə çıxardığını bildirmişdi.
Kasparov 1963-cü ildə Bakıda doğulub. Rusiya hakimiyyəti 2024-cü ildə onun adını “terrorçular və ekstremistlər” siyahısına salıb.


